Türk dünyasının nəhəng dövlət adamlarından biri, Quzey Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Raif Dentkaşın anım günüdür.
Rauf Denktaş 1924-cü ildə anadan olub, ibtidai təhsilini İstanbulda, ali təhsilini Londonda aldıqdan sonra adaya dönərək orada iş və siyasət həyatına qədəm qoyub.
Gənc yaşlarından Kiprdə türklərin hüquqlarının müdafiəçisinə çevrilən Denktaş böyük fikir adamı Fazıl Kiçiklə birlikdə bu istiqamətdə fəaliyyətə başalyıb. İlk dəfə 27 noyabr 1948-ci il tarixində Kipr türklərinin təşkil etdiyi mitinqdə çıxış edib.
1955-ci ildə Kipr yunanlarının türklərin soyqırımını hədəfləyən Enosis fikrinə, EOKA terror qruplaşmasına qarşı türklərin dirənişinə başçılıq edib, 1958-ci ildə Türk Müqavimət Təşkilatını (TMT) yaradıb.
Uzun illər adada türk soyqırımının qarşısının alınması üçün mübarizə aparan, çətin və ağır sınaqlardan keçən böyük dövlət adamının mücadiləsi nəticəsini verib, 15 noyabr 1983-cü ildə Quzey Kipr Türk Cümhuriyyəti qurulub. Cümhuriyyətin ilk prezidenti seçilən Denktaş 2005-ci ilədək bu vəzifədə olub.
Siyasi həyatı ilə yanaşı, onun yazıçı kimi onlarla kitabı nəşr olunub, çəkdiyi fotoların sərgisi keçirilib. Denktaş eyni zamanda, köşə yazarı, televiziya proqramının aparıcısı olub.
Görkəmli fikir və dövlət adamı 2012-ci il yanvarın 13-də Lefkoşada vəfat edib, orada dəfn edilib.
Azərbaycan Yüksəliş Partiyası Rauf Denktaşı böyük sayğı ilə yad edir.