Güneyli siyasətçi və aktivist, Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvü, İranın ilk qadın siyasi məhbusu olmuş Raziyə Qulami Şabaninin anım günüdür.
Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub, gələcək həyat yoldaşı, Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanışlıqdan sonra siyasi fəaliyyətə başlayıb.
Azərbaycan Milli Hökumətinin fəallarından olan 20 yaşlı Raziyə həmin vaxtlar əyninə hərbi forma geyinərək, belində tapança gəzdirirmiş.
O, Azərbaycan Milli Hökumətinin süqutundan sonra - 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejimi tərəfindən həbs edilir. Tutulan zaman hamilə olan Raziyə övladını həbsxanada dünyaya gətirir.
Raziyə Şabani 6 illik məhkumluğunu başa vurub, azadlığa çıxdıqdan sonra SSRİ ərazisinə keçir, burada mühacirət həyatı yaşayan həyat yoldaşına qovuşur.
1979-cu ildə baş vermiş İslam inqilabından sonra İrana qayıdıb, 8 il orada yaşasa da, yenidən Şimali Azərbaycana gəlir, buradan Almaniyaya mühacirət edir.
2013-cü il yanvarın 28-də Kölndə vəfat edən Raziyə Şabani mühacirətdə olduğu dövrdə öz xatirələrini qələmə alıb, kitab nəşr etdirir.
Azərbaycan Yüksəliş Partiyası güneyli aktivist Raziyə Şabanini sayğı ilə yad edir.