"Azərbaycanın tarixi Zəfərindən sonra Ərdoğan artıq üçüncü dəfədir ki, Azərbaycana, 2-ci dəfədir ki, Qarabağa səfər edir. Bu faktın özü böyük əhəmiyyət daşımaqla qazandığımız zəfərdən narahatlıq keçirən ölkələr üçün ciddi mesajlar ehtiva edir".
Bu fikirləri Rupor-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib.
Anar Əsədıi vurğulayıb ki, bu mesajlar nəinki kənar qüvvələrə, həmçinin öz cəmiyyətimizdə tez-tez “Türkiyə niyə Qarabağda yoxdu?”, “Türkiyənin niyə hərbi bazası yoxdu?” kimi suallara aydın cavabdır: "Türkiyə nəinki Azərbaycanda, Cənubi Qafqazda olduğunu üçüncü səfərlə təsdiq etdi. Əvvəla, səfərin əsas hədəfi Füzuli hava limanının açılması idi. Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Bu, həm də onu göstərir ki, Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi addımlar atılır. Demək ki, “Zəngəzur dəhlizi bəs nə vaxt icra olunacaq” sualının da cavabı verilmiş olur. Hava limanının açılması ilə yüklər hava limanına rahat daşınacaq və dəhliz istiqamətində hərəkət edəcək. Zəngəzur dəhlizinin həm də “Bir kəmər-bir yol” layihəsinin özəyi olduğunu nəzərə alsaq, deyə bilərik ki, Türkiyə və Azərbaycan yalnız Cənubi Qafqaz regionu üçün deyil, bütövlükdə Avrasiyada mühüm geosiyasi dəyişikliklərə imza atır".
Ərdoğanın təyyarə ilə Füzuliyə gəlişinin dünyaya daha bir mesaj olduğunu diqqətə çatdıran AY Partiya başqanı bu mesajı, "müharibə bitib və bölgədə artıq quruculuq işləri sürətlənir" kimi qavramaən ən düzgün variant olduğunu söyləyib. Onun sözlərinə görə, bu işlərdə xarici investorların da rolu olacağını düşünsək, səfərin bu baxımdan da əhəmiyyətli olduğunu deyə bilərik.
Partiya başqanı hesab edir ki, digər vacib məqam Azərbaycanın son günlər xarici siyasətində İranla həssas durumun yaranmasıdı: "Hamıya məlumdur ki, İran narahatlığının səbəbini hansı bəhanələrə bağlasa da, İslam Respublikasının tək xofu Zəngəzur dəhlizinin açılmasıdır. Dəfələrlə bildirmişik ki, İran bu dəhlizi özünə ona görə təhdid hesab edir ki, uzun müddət hegemonluğa iddia etdiyi coğrafiyada türk birliyinin yaranmasından qorxur. Bu baxımdan da Türkiyə liderinin birbaşa Füzuliyə - hava limanına gəlişi İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıyır. İran bu dəhlizin qarşısını almaq üçün Fars körfəzi-Qara dəniz marşrut xəttini ortaya atıb. Səfər çərçivəsində dəhlizin təməlinin atılması həm İrana, həm ona ortaq olacaq dövlətlərə sözügedən dəhlizin iqtisadi rentabelliyinin sıfıra düşəcəyini nümayiş etdirir. Araz sahilində İranın təlimlərindən sonra Ərdoğan və Əliyevin quruculuq işləri üçün gəlməsi həm də o mahiyyəti daşıyır ki, Araz çayı sülh bölgəsidir. Biz sizdən fərqli olaraq, silahların diliylə deyil, inteqrasiya diliylə danışırıq. Tezliklə İrəvan kimi, Tehran da əməkdaşlığın bir parçasına çevrilməkdən başqa yolunun olmadığını anlayacaq".
Anar Əsədli onu da vurğulayb ki, səfər Ermənistanın mövqeyinin nə olmasından aslı olmayaraq, Azərbaycan və Türkiyənin öz planlarını icra edəcəyini bir daha göstərmiş oldu. Bu, həm də İrəvanın başqa yolunun qalmadığını göstərir. Ermənistan ərazisindən isə xəttlərin çəkilişinə yəqin ki 8 noyabr görüşünüdən sonra başlanılacaq. Bu görüşün Moskva görüşündən öncə keçirilməsi, Zəngəzur dəhlizinin təməlinin Putinlə görüşdən öncə atılması Azərbaycan-Türkiyə ittifaqının regionda daha ağırlıq təşkil etdiyini göstərir. Bu, həm də dünyaya mesaj idi ki, pərdəarxasında razılaşma var. Muxtariyyət, status eşqi ilə yaşayanlar bu görüşlə tam əmin oldular ki, ermənilərin Azərbaycan qanunvericiliyi altında yaşamaqdan, onlara havadarlıq edən dövlətlərin isə bununla barışmaqdan qeyri yolu yoxdur: "Bir sözlə, Füzuli səfəri bütün çıxışlarımızda Azərbaycanın Türkiyə ilə saatlarını uyğunlaşdırmalı olduğu bəyanatımızın praktikaya çevrlməsi idi".