Nurel Kərim
Azərbaycan Yüksəliş Partiyası Gənclər Təşkilatının sədri
Dünya siyasətinin dönüm nöqtəsi, qüvvələrin yeni paylaşımına səbəb olan tarixin ən qanlı savaşı – II Dünya müharibəsindən sonra münaqişələri sülh yolu ilə tənzimləmək və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı yaradıldı.
1942-ci ilin ilk günü ABŞ Prezidenti Ruzvelt, Böyük Britanita Baş naziri Çörçill, SSRİ səfiri Maksim Litvinov və Çin Respublikasından T. Sunq Atlantik Xartiya və London Bəyannaməsinə əsaslanan qısa sənəd imzaladılar. Sonradan bu sənəd Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi kimi tanınmağa başladı. Ertəsi gün 22 dövlətin nümayəndələri də öz imzalarını əlavə etdilər. 1 mart 1945-ci ilə qədər daha 21 dövlət sənədi imzaladı.
1943-cü il Moskva Konfransı və Tehran Konfransından sonra, 1944-cü ilin ortalarında müttəfiq “Böyük Dördlük”: Sovet İttifaqı, Böyük Britaniya, ABŞ və Çin Xalq Respublikasının nümayəndə heyətləri Vaşinqtonda Dumbarton Oaks Konfransında görüşdülər. Fransa, Çin, SSRİ, Böyük Britaniya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləri seçildi. ABŞ Braziliyanı altıncı üzv kimi əlavə etməyə cəhd etsə də Sovet və Britaniya nümayəndələri buna qarşı çıxdı. Dumbartonda və ardıcıl danışıqlarda ən mübahisəli məsələ daimi üzvlərin veto hüququ idi. Sovet nümayəndə heyəti iddia edirdi ki, hər bir millətin hətta məsələlərin müzakirəsinə mane ola biləcək qədər mütləq veto hüququ olmalıdır, ingilislər isə təklif edirdi ki, millətlər tərəf olduqları mübahisələrə dair qətnamələrə veto qoya bilməsin.
1945-ci ilin fevralında Yalta konfrasında ABŞ, Britaniya və Sovet nümayəndə heyətləri razılaşdı ki, “Böyük Beşlik”dən hər biri şuranın istənilən qərarına veto qoya bilər, lakin prosessual qətnamələrə yəni müzakirələrin qarşısının alınmasına veto qoya bilməz.
25 Aprel 1945-ci ildə San-Fransiskoda BMT Nizamnaməsinin hazırlanmasında iştirak edən 50 hökümət və bir sıra qeyri-hökümət təşkilatlarının iştirak etdiyi BMT-nin Beynəlxalq Təşkilat Konfransı başladı. Konfransda Avstraliya nümayəndə heyətindən H. V. Evatt Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna qarşı çıxdı. Veto haqqının ləğv edilməsinin konfransın uğursuzluğuna səbəb olacağı qorxusundan onun təklifi 20 səs çoxluğu ilə rədd edildi.
Təhlükəsizlik Şurası ilk onilliklərində ABŞ, SSRi və onların müttəfiqləri arasında gedən Soyuq Müharibə nəticəsində iflic vəziyyətinə düşmüşdü. Şura ümumilikdə yalnız əlaqəsi olmayan münaqişələrə müdaxilə edə bilmişdi.
İstisna yeganə hal 1950-ci ildə Şimali Koreyanın Cənubi Koreyaya hücumunu dəf etmək üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın yaradılmasına icazə verən qətnamə idi. O zaman Çin müvəqqəti olaraq BMT TŞ-dən kənarlaşdırılmışdı. SSRİ isə öz nümayəndə heyətini geri çağırdığı üçün səsvermədə iştirak edə bilməmişdi.
BMT TŞ-nin sülhməramlı proqramının fiaskoya uğraması ilə yanaşı qəbul etdiyi qətnamələrin də həyata keçirilməməsi bu qurumun dünya arenasında qeyri-ciddi qəbul olunmasına səbəb olur. Təhlükəsizlik Şurası Kipr, Şri-Lanka, Suriya, Kosovo, İsrail-Fələstin münaqişəsi də daxil olmaqla, bir çox münaqişələrin həllində uğursuzluğa görə tənqid edilir.
Darfur böhranında Sudan hökümətinin yerli əhaliyə qarşı zorakılıq edərək minlərlə dinc sakini qətlə yetirməsini buna sübut kimi göstərə bilərik. Eyni zamanda baxmayaraq ki Srebrenitsa BMT-nin təhlükəsiz ərazisi elan edilmişdi və 400 silahlı sülhməramlı əraziyə yerləşdirilmişdi, lakin Srebrenitsa qırğınında serb qoşunlarının bosniyalılara qarşı soyqırım törətməsinin qarşını alına bilməmişdi.
BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə də heç bir zaman yerinə yetirilmədi.
Təhlükəsizlik Şurasında islahatlara dair təkliflər BMT Nizamnaməsinin yazıldığı konfransla başlayıb və bu günə qədər davam edir. İngilis tarixçi Pol Kennedinin yazdığı kimi, “Hər kəs hazırkı strukturun qüsurlu olması ilə razılaşır. Lakin onu necə düzəltmək barədə konsensus əldə etmək mümkün deyil”.
Ötən gün Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü qınayan qanun layihəsi Rusiyanın veto hüququnu istifadə etməsi ilə qəbul edilmədi. Təbii ki bu heç kimə təəccüblü deyil. Burada önəmli məqam odur ki veto hüququna malik dövlətlər istədiyini edib daha sonra veto hüququndan öz maraqları uğruna istifadə edə bilir. Belə olan halda Rusiyanın Təhlükəsizlik Şurasındakı daimi üzvlüyünün ləğv edilməsi ilə bağlı müzakirələr ortaya çıxıb. Üzvlüyün ləğvi üçün əslində qarşı tərəfin əlində kifayət qədər əsas var.
Rusiyanın BMT TŞ-dən çıxarılması üçün səbəblər:
Rusiya silahlı münaqişələrə, hərbi təcavüzlərə özbaşına başlamış və iştirak etmişdir. Heç bir savaş durumunda BMT TŞ ilə məsləhətləşdirmə aparılmayıb.
İkinci çeçen müharibəsi, Gürcüstana qarşı müharibə, Suriya vətəndaş müharibəsinə müdaxilə, Liviya münaqişəsi, Mərkəzi Afrika Respublikasına müdaxilə, Sudan münaqişəsində iştirak, Ukraynaya qarşı müharibə buna bariz misaldır.
Son 30 ildə Rusiya veto hüququndan istifadə edərək öz maraqlı naminə BMT TŞ-nin qərarlarına mane olub. Veto hüququndan Gürcüstan və Krımı işğal etmək üçün istifadə edib, MH17-nin vurulmasında günahkar olanların araşdırılması üçün beynəlxalq tribunalın yaradılmasına mane olub. Myanma, Zimbamve və dəfələrlə Suriya hökümətlərinin vəhşiliklərini pisləyən qətnamələrə veto qoyub.
Rusiya hələ 1991-ci ildə BMT-də SSRi-ni əvəz edərkən BMT-nin nizamnaməsini kobud şəkildə pozub. Rusiya özünü SSRİ-nin varisi elan edib. Bununla belə, SSRİ və Rusiya Federasiyası beynəlxalq hüquq baxımından iki fərqli subyektdir.
SSRİ Konstitusiyasına əsasən, ittifaq respublikaları, o cümlədən RSFSR SSRİ-dən çıxmaq hüququ olan ayrı-ayrı dövlətlər statusuna malik idi.
BMT Nizamnaməsi BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyün bir ölkədən digərinə dəyişdirilməsinə və ya davam etdirilməsinə icazə vermir.
SSRİ Konstitusiyası beynəlxalq təşkilatlarda və orqanlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında SSRİ-nin tərkibindən biri ilə Sovet İttifaqının dəyişdirilməsinin heç bir prosedurunu nəzərdə tutmur.
SSRİ-nin ali dövlət hakimiyyəti və idarəetmə orqanları beynəlxalq təşkilatlarda və orqanlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında Sovet İttifaqının RSFSR ilə əvəz edilməsi haqqında qərar qəbul etməmişdi.
Bəs Rusiyanın BMT TŞ-dən çıxarılmasının hüquqi proseduru necədir?
Hazırda araşdırmalarıma əsasən 3 mümkün yol görünür:
Əslində bu hallar ilk deyil və qarşı tərəf Rusiyanın Təhlükəsizlik Şurası üzvlüyünü dayandırmaq istəsə rahatlıqla buna nail ola bilərdi. Lakin II Dünya Müharibəsindən öncə şıltaq Hitlerin hərəkətlərinə göz yumanların nəvələri bu gün dövrümüzün Hitleri cənab Vladimir Vladimiroviçə də səsini çıxarmır. Baş verən hadisələrin fonunda addım-addım III Dünya müharibəsinə yollanarkən Ərdoğanın zamanında diqqət etmədiyimiz narahatlığını ifadə edən cümləsi yada düşür: “Dünya beşdən böyükdür”.