Rusiya dövlət telekanalı olan “Rossiya 1”də yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdid səsləndirilib.
Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu proqramda Qarabağda baş verən son hadisələr də müzakirəyə çıxarılıb və Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə zərbə endirməyi təklif edib.
Məsələyə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini Bəhrəm İsmayılov deyib ki, Rusiya tərəfi müxtəlif kanallardan, eləcə də müxtəlif tribunalardan Azərbaycana qarşı fərqli ittihamlar, təhqirlər və təhdidlər səsləndirməkdədir: "Əlbəttə ki, bunun səbəbi aydındır, Rusiya Cənubi Qafqazdakı hegemonluğunu itirməklə barışa bilmir, Azərbaycanın suveren haqlarını bərpa etmək istiqamətində atdığı uğurlu addımları hikkə və şovinist xarakteri ilə qarşılayır.
Kreml və yandaş mərkəzlərin, təşkilatların bu davranışları arzuolunmaz olsa da, Rusiyanın tarixi keçmişi və apardığı siyasət baxmından anlaşılandır. Lakin bununla bağlı reaksiyaları ikiüzlülük, riyakarlıq və siyasi tərbiyəsizlikdən başqa bir şey deyil".
Partiya funksionerinin sözlərinə görə, Rusiyanın bir-birinin ardınca səsləndirdiyi ittiham, təhqir və təhdidlərin hamısının ana xəttində Rusiya ictimaiyyətinin yanlış yönləndirilməsi hiss olunur: "Bu ölkə özünün şovinist və imperialist maraqlarını öz xalqından gizlətmək məqsədilə bütün dünyanı düşmən kimi təqdim edir. Biz bunun zaman-zaman Rusiyaya yaxın ölkələrə, o cümlədən Qazaxıstan, Belarus və digər dövlətlərə qarşı baş verməsinin də şahid olmuşuq. Bu mənzərə bir daha onu göstərir ki, Rusiya şovinist və imperialist maraqlardan çıxış edir, bu dövlət üçün müttəfiq, qonşu və dost anlayışı “bal görənə” kimidir.
Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin ölkəmiz və xalqımızla bağlı səsləndirdiyi sərsəmləmələrə də məhz bu kontekstdən yanaşmaq lazımdır".
Bəhrəm İsmayılovun fikrincə, Rusiya iqtisadiyyatına cavabdeh şəxslərdən olan Delyaqinin özünə, istiqamətinə aid olmayan məsələlərdən danışması təəccüb doğurmur: “Oğru” qanunları ilə idarə olunan Rusiya siyasi-iqtisadi tənəzzülünü yaşayır. Ölkə vətəndaşları ehtiyac içindədi. Əlbəttə ki, bu mənzərənin yaranmasında “əməyi” olanlardan biri də Mixail Delyaqindir. Ukrayna böhranı fonunda Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalardan çıxış yoları haqqında düşünmək əvəzinə, Delyaqin və onun kimilər hədə, təhdid yağdıraraq fikir yayındırmaqla məşğuldur.
Azərbaycan Yüksəliş Partiyası olaraq, Mixail Delyaqini, o cümlədən onun simasında Rusiya dövlət və hökumət üzvlərini Azərbaycana qarşı sayğılı olmağa çağırırıq. Azərbaycanın tolerant, beynəlxalq hüquq və normalara, eləcə də sərhədlərin toxunulmazlığına hörmətlə yanaşan ölkə olduğuna diqqət çəkərək, bir daha qeyd edirik ki, Qarabağ iqtisadi rayonuna daxil olan bəzi ərazilərdə suveren hüquqlarımızın bərpa olunması bizim haqqımızdır. Azərbaycan dövləti tərəfindən bu istiqamətdə atılan addımlar hər hansı dövlətə qarşı addım kimi qəbul olunmamalıdır".
Bəhrəm İsmayılovun fikrincə, Azərbaycan Milli Məclisinin deputatlarının adekvat cavab verməməsi təəssüf doğurur: “Deputatlarımızdan bir-iki nəfər istisna olmaqla, əksəriyyəti susur. Bu, bir daha onu göstərir ki, Milli Məclis xalqın iradəsi ilə yox, gözü-qulağı Kremldə olanların istəyi ilə formalaşıb”.