10 fevral Azərbaycan tarixinin ən ağır günlərindən biri - Türkmənçay müqaviləsinin imzalandığı gündür. 194 il əvvəl, 1828-ci ilin bu günündə Azərbaycanın bölünməsini təsdiqləyən bu müqavilə imzalanıb.
Bu, təəssüf ki, Rus imperiyasının güclənməsi, Səfəvi xanədanlığının çöküşü, Osmanlının kifayət qədər zəiflədilməsi fonunda Azərbaycan torpaqlarının işğalı və parçalanmasının elan edilməsi tarixidir.
18-ci əsrin sonlarında bir tərəfdən Osmanlı, digər tərəfdən Qacarlarla savaşan ruslar istər Xəzərin qərb sahillərini, istərsə də Cənubi Qafqazı ələ keçirməyi qarşılarına məqsəd qoymuşdular.
Artıq 19-cu əsrin ilk illərində Qacar-rus müharibəsi geniş fazaya yayıldı və Car-Balakən, Qazax, Şəmşədilin ilhaqı ilə nəticələndi, bununla da Azərbaycan torpaqlarının parçalanmasının əsası qoyuldu.
Bu işğala qarşı mübarizə uzun illər davam etsə də, 1812-ci ildə Buxarestdə imzalanan və Cənubi Qafqazın Rusiyanın himayəsinə verilməsini tanıyan Osmanlı-Rus müqaviləsindən sonra Azərbaycan torpaqlarının işğalı və parçalanması qarşısıalınmaz prosesə çevrildi.
Əlbəttə, fransızlar üzərində rusların qələbəsi də bu prosesi şərtləndirən amillərdən idi.
Nəticədə 1813-cü ildə ingilislərin də təhriki ilə işğalın ilk mərhələsini rəsmiləşdirən Gülüstan müqaviləsi imzalandı, İrəvan və Naxçıvan istisna olmaqla Azərbaycanın şimal hissəsi Rusiyaya birləşdirildi.
İşğal bununla da yekunlaşmadı. Həm Fransa, həm Qacarlar, həm də Osmanlı üzərində qələbələr qazanan Rusiya dayanmaq niyyətində deyildi.
Eyni zamanda, Qacarlar da itirilmiş əraziləri qaytarmaq üçün cəhdlər göstərirdi.
İstər Osmanlının, istərsə də ingilislərin hərbi və maddi yardımlarını arxasına alan Qacarlar itirilən ərazilərdən bəzi hissələri, xüsusilə Talış xanlığını ruslardan geri tələb edirdilər.
Nəticə olaraq, 1826-cı ildə savaş yenidən başladı.
2 il davam edən savaş bu dəfə də rusların xeyrinə bitdi. Bu, 1828-ci il fevralın 10-da Türkmənçay sazişinin imzalanması ilə nəticələndi, İrəvan və Naxçıvan Rusiyanın tərkibinə keçdi.
1918-cu ildə qurulan cümhuriyyətimizi də işğal edən bolşevik donundakı Rusiya çar Rusiyasının imzaladığı bütün müqavilələrdən imtina etsə də, Türkmənçay müqaviləsini 1922-ci ildə Qacarlarla yeniləməklə işğalçı mahiyyətini bir daha ortaya qoydu.
Ən nəhayət, 20-cu əsrin sonlarında Azərbaycanın şimalında ruş işğalına son qoyuldu, müstəqilliyimiz bərpa edildi.
Təəssüf ki, parçalanması BMT tərəfindən qəbul edilən Azərbaycan xalqının böyük bir hissəsi, xüsusilə, Qacarlar sülaləsinin devrilməsindən sonra fars irtica rejiminin basqısı altındadır və bu nəhəng xalqın ən kiçik hüquqları belə Tehran rejimi tərəfindən tanınmır.
Azərbaycan Yüksəliş Partiyası Tehran rejimindən cənubdakı soydaşlarımızın ən elementar hüquqlarının - dil, təhsil, milli kimlik hüquqlarının təmin olunmasını tələb edir.
Beynəlxalq insan hüquqları təşkilatlarını 21-ci əsrdə baş verən bu hüqiqi nihilizmə son qoyulmasına yardımçı olmağa çağırırıq.
Parçalanmış xalq olaraq birləşmək, bir dövlət - tək Azərbaycan olmaq, digər bölünmüş və sonradan birləşmiş xalqlar kimi bizim də haqqımızdır.
Bəhrəm İsmayılov
AY Partiya Başqanının I müavini - İcra Aparatının rəhbəri