“9 may Vətən müharibəsi deyil bizim üçün. Faşizm üzərində bizim ata-babalarımızın da iştirak etdiyi mütərəqqi bəşəriyyətin qələbəsidir”.
TNS xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli öz “Facebook” səhifəsində yazıb.
“Məhz İkinci Dünya Savaşının qalibi Sovet İmperiyası tərəfindən Azərbaycan xalqı 70 il öz müstəqil dövlətinin vətəndaşı olmaqdan mərhum olub. 104 yaşlı bir demokratik cümhuriyyətin vətəndaşı statusunda böyümək, milli kimliyini tanımaq, hüquqlarını bilmək, haqlarını müdafiə etmək kimi siyasi tərbiyədən məhrum olmuşuq.
1918-də qurduğumuz Cümhuriyyəti başımıza yıxıb, işğal etdilər. SSRİ adlı dövlətin həm də azərbaycanlıların öz vətənlərində qurduğu Xalq Cümhuriyyətinin işğalı bahasına yaranmasını bizə unutdurmağa çalışdılar. İşğalın heç bir zaman müsbət tərəfi ola bilməz”, - Anar Əsədli vurğulayıb.
Partiya başqanı bildirib ki, 70 il az müddət deyil, üç-dörd nəslin böyüməsi deməkdir.
“Sovet müstəmləkə rejimində üç-dörd nəsil "qul vətəndaş"ın sovet təbliğatının təsiri altında böyüməsinin nəticəsi o oldu ki, Aytmatovun dediyi kimi, hətta onu işgal edən imperialist Sovet Rusiyasına insanlarımızın böyük əksəriyyəti manqurt kimi "vətən" dedi. Bəli, Rusiya istər çar, istər sovet, istər müstəqil respubıika adlandırılsın, bizə nə dost, nə də vətəndir. Nə sülhməramlıdır, nə strateji müttəfiq. Rusiya bizə bəladır, bəla!”, - Partiya başqanı yazıb.