Rusiya XİN dekabrın rəsmi saytında ABŞ və NATO ilə Rusiya arasında təhlükəsizlik təminatı layihəsinin mətnini dərc edib.
Bu layihəyə görə, NATO bütün keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır. NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır. Təklif olunmuş “saziş layihəsində” NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında” keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması” nəzərdə tutulur. Moskvanın təkliflərinə görə, NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir.
Bu barədə açıqlama verən Azərbaycan Yüksəliş Partiyası başqanının I müavini Bəhrəm İsmayılov bildirib ki, cəmi 30 il əvvəl Rusiya SSRİ qiyafətində Amerikanın burnunun dibində – Kubada idisə, bu gün Amerika NATO alyansı ilə Rusiya sərhədlərində dayanıb və ciddi-cəhdlə möhkəmlənməkdədir.
Onun sözlərinə görə, ötən əsrin ortalarında Şərqi Avropanı tam ələ keçirmiş Rus imperiyası artıq Avropadan tam “qovulub”, “müttəfiqlik” adı altında ilhaq etdiyi və müstəqilliyini elan etmiş respublikalarda da təsiri tam itirməkdədir: “Rusiyanın Baltikyanı, Gürcüstan və Moldovada hegemonluğuna son qoyulub. Azərbaycan artıq bütün strateji addımlarını Türkiyə ilə uzlaşdırmağa israrlıdır. Ermənistanda Rusiyaya qarşı böyük bir ideoloji dalğanın ortada olduğu heç kimə sirr deyil. Belarus xalqı isə həqiqi suverenliyi üçün mübarizə aparmaqdadır. Orta Asiya, türk dövlətlərinə də artıq Türkiyə Rusiyadan daha cazibəli görünməkdədir. Bu qədər ciddi geopolitik itkilərdən sonra Rusiyanın öz imperialist siyasəti baxımından Ukraynanın "itirilməsinə", Amerikanın, Qərbin təsir dairəsinə keçməsinə, göz yummayacağı bəlli idi. Krımın işğalı, Donbas və Luqanskdakı seperatizm dediklərimizə sübutdur”.
Bəhrəm İsmayılovun sözlərinə görə, Ukraynanın Rusiyanın təsir dairəsindən çıxması Rusiyanın çox böyük güc itirməsidir və məhz bu səbəbdən Putin hər zaman Ukraynanı “Rusiyanın qırmızı xətti” adlandırır. Hətta bir neçə həftə ABŞ prezidenti Baydenlə keçirəcəyi videokonfransdan öncə də bu fikrini xüsusi vurğulamışdı. ABŞ və Rusiya dövlət başçılarının videokonfrans formatında baş tutan görüşündə Putin NATO-nun Şərqə doğru irəliləmisini dayandırmağa, hətta bunun rəsmi sənəd halında təsdiqini tapmasına, Ukraynanın NATO-ya qoşulmayacağına dair vəd istəsə də, Bayden bu istəkləri rədd etdi. İstər Ukraynanın, istərsə də Gürcüstanın suveren dövlət olaraq istənilən Birliyə qoşulmasını bu dövlətlərin öz siyasi iradələri olduğunu birmənalı şəkildə vurğuladı. Yəni Rusiyanın qırmızı xəttini tanımadıqlarını bildirdi. Eyni zamanda, Ukraynaya qarşı bütün təhdidələrə iqtisadi, siyasi və digər vasitələrlə cavab veriləcəyini dilə gətirdi. Əlbəttə, bütün bunlar bu bölgədə hələ uzun illər gərginliyin davam edəcəyini göstərirdi və Ağ Evin Ukraynada yaşayan vərəndaşlarına xəbərdarlıq qismindəki son açıqlaması kifayət qədər narahatedicidir. Rusiyanın Ukrayna sərhədlərində 92 minlik ordu və xeyli texnika toplaması, Qərbin Ukraynanı silahlandırması, baş verən lokal toqquşmalar bölgədə hərbi qarşıdurma riskini kifayət qədər artırır. Hətta növbəti ilin yanvar-fevral aylarında müharibəni mümkün sayanlar da var. Ancaq Ağ Evin son açıqlamasını, vətəndaşlarının müharibə, pandemiya və cinayətkarlıgın artması ilə əlaqədar bölgədən uzaq durmasını istəməsi daha çox psixoloji basqı kimi də dəyərləndirilir”.
Partiya funksioneri bildirir ki, Azərbaycan bütün hallarda həm Gürcüstanın, həm də Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib: “Təbii ki, Azərbaycanda fəaliyyət göstərən siyasi institutlar da bu məsələdə mövqe sərgiləməli, xalqımızın ictimai rəyini, münasibətini ortaya qoymalıdır. AY Partiya olaraq biz Rusiyanı işğalçı siyasətinə son qoymağa çağırır, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik”.