“Əslində Qazaxıstan hadisələri bir neçə əks qütbün, qlobal gücün maraqlarının toqquşması, dünyanın yenidən bölüşdürülməsi prosesinin bir təzahürüdür. Burada ABŞ-Qərb geopolitikasının hesabları, Çinin və Rusiyanın isə kəsişməyən maraqları toqquşur”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib. O qeyd edib ki, son onilllikdə Çinin getdikcə iqtisadi cəhətdən daha yüksəlməsi, dünya bazarında istehsal və istehlak tələbindən üstün mövqe tutması və tədricən ikinci supergüc kimi mövqelərini möhləmləndirməsi həm ABŞ-ı, həm də Rusiyanı qorxudur:
“Çin öz parlaq və artan iqtisadiyyatına yeni bazarlar axtarışında alternativ magistrallar arayır, su və quru yollarını nəzarətə götürməyi hədəfləyir. Türkiyə də daxil olmaqla Avropa ölkələrinə istiqamətlənən bu yolların Orta Asiyadan keçməsi Rusiyanın bu məsələdə ən çox narahat olduğu cəhətdir və bu bölgədə Çinin getdikcə güclənməsini o, öz imperiya sərhədləri və milli təhlükəsizliyi üçün təhdid sayır. Bu baxımdan Qazaxıstandan başladılan və əslində bütün Orta Asiyanın taleyini həll edən bu proses təbii ki, geopolitik çatışma və pandemiya ilə əsası qoyulmuş, İkinci Qarabağ müharibəsi ilə startı verilmiş soyuq dünya müharibəsi elementidir. Yəni deyə bilərik ki, Qazaxıstanda vəziyyətin gərginləşməsində, destabilizasiyasında Qərbin də, Rusiyanın da maraqlarının olduğu görünür. İlk baxışdan nə qədər inanılmaz və hətta paradoksal təsir bağışlasa da, Qərbin "rəngli inqilab" ssenariləri hazırlayaraq reallaşdırmağa çalışan strukturlarının maraqları ilə Rusiyadakı şovinizm ideologiyasını fəaliyyət prinsipi hesab edən qüvvələrin maraqları Qazaxıstanda tam üst-üstə düşüb”.
A.Əsədli əlavə edib ki, bu çatışmada ABŞ və Qərbin marağı Rusiya və Çinin bir-birini balanslaşdırması şəraitində dünyanın böyük hissəsinə edilən mövcud nəzarəti qoruyub saxlamaq, dünya proseslərində həmişəki kimi hakim mövqeni qorumaqdır: “Rusiya Çinin "Bir kəmər, bir yol" layihəsində Qazaxıstanın kilid ölkə roluna malik olmasını həzm etmir və bunu görmək çətin deyil. Çindən gələn ticarət yolunun Qazaxıstan üzərindən Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər uzanması da Rusiyanın maraqlarına cavab vermir. Əslində, Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir. Hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın, o cümlədən də Əfqanıstanın nəzarət altına götürülməsi məsələsi düşünülüb. Yəqin ki, bunun üçün ilk olaraq Qazaxıstana, oradan da Özbəkistan və Əfqanıstana hərbi müdaxilə planı tərtib olunub. Lakin, Rusiya bu siyasətlə SSRİ-ni batıran bataqlığa doğru irəliləyir”.
Partiya rəhbəri vurğulayıb ki, Qazaxıstanın daha çox rusların yaşadığı bölgəsinin ərazisi qondarma “Luqansk” ərazisindən müqayisəyə gəlməz dərəcədə böyükdür:
“Rusiya Qazaxıstanda separatçılığa getməyi deyil, etnik rusun sayını artırmaqla təsir qüvvəsinə sahib olmağı həyata keçirib. Qazaxıstanda həm Türkiyəyə bağlı, həm də qərbpərəst qüvvələrin olduğunu da yaddan çıxarmamaq lazımdır. Lakin bütün hallarda Tokayev heç də düşünüldüyü kimi qeyri-ciddi bir siyasi fiqur olmadığını bu gün tam olaraq göstərdi. Baş verən hadisələrdə Tokayevin barmağı olduğu şəksizdir. Məlumdur ki, Tokayev onun öz kadrıdı və onun hökümətində özündən sonra türkçü-millətçi sayılan qanadın əsas təmsilçisi olub. Nazarbayevin Təhlükəsizlik Şurasından getməsinin də, Nazirlər kabinetinin buraxılmasını da elə onun öz tövsiyələri, qərarları olduğunu təxmin edirəm. Ehtimal oluna bilər ki, burada əsas məsələ mövcud sərhədlər daxilində Qazaxıstanın bütövlüyünü qorumaq, sosial-iqtisadi tələbdən hərəkətləndirilən etirazın kütləvi iğtişaşlara dönüşüb elə məhz müxtəlif geopolitik maraqların cəngində ölkənin parçalanmasına gətirə bilməsindən qorumaq idi. Nə qədər anlaşılmaz olsa da, bəlkə də Tokayev Nazarbayevin məsləhəti ilə bu yolu seçməklə bu sabitliyi və bütövlüyü qoruya bildi, Rusiyanı neytallaşdırmağı bacardı. Fikir verdinizsə, etirazçıların sosial tələbləri qəbul edildikdən, Nazirlər Kabineti istefaya göndərildikdən sonra etiraz elektroratı daha genişləndi, məcrası başqa səmtə yönəldilən xaotik prosesə çevrildi. Hərakatın bu istiqaməti vətəndaş cəmiyyətinin, siyasi institutlaşmanın olmaması ilə bağlı öz günahları olsa da, hər halda KTMT- ni dəvət etmək və hadisələri dondurub vaxtı uzatmaq ən məqbul yol kimi dəyərləndirilib bu cütlük tərəfindən. Əks halda, qarşısı alınmaz proses ikinci Taliban Əfqanıstanına döndərə bilərdi ki, Qazaxıstan elə bununla da Türk Dövlətləri Təşkilatı (TDT) beşiyindəcə boğulmuş, Orta Asiya türk dövlətləri isə mövcud dövlətçiliklərini itirmək təhlükəsi qarşısında qala bilərdi. Bütün bunların qarşılığında isə bir tərəfdə Çin, bir tərəfdə İran, bir tərəfdə Hindistan, Türkiyə çox əlacsız və gücsüz qalacaqdı. Əslində bu hadisələr həm də ən çox TDT-a qarşı yönəlmiş təhdid idi ki, bunda da bir-birilə soyuq müharibə şəraitində olan hər 3 qütbün ABŞ-Qərb, Rusiya və Çinin maraqları uzlaşırdı. Bir sözlə, baş verənlər demokratiyanın göstəricisi deyil. Birmənalı şəkildə demək olar ki, proseslər Rusiyanın mənafeyinə uyğundur. Qazaxıstandakı içimizi acıdan hadisələr bir daha sübut etdi ki, istənilən cəmiyyətin stabillik qarantı polis deyil, məhz demokratik seçkidir. Buna görə də demokratik seçkiyə qarşı çıxan istənilən hakimiyyət gələcəkdə baş verə biləcək üsyan və xaosların məsuliyyətini birbaşa öz üzərində daşıyır. Demokratiyanın bərqərar olması, üsyan və qiyamlardan keçməməlidir. Hər hansı bir ölkədə normal seçki keçirilməsə, xaos və özbaşınalıqlara səbəb ola bilər. Ona görə də demokratiyanın bərqərar olması şəffaf, normal seçkilərin keçirilməsindən ötür. Bunsuz baş verəcək bütün üsyan və inqilablar nəinki qazaxlara, heç bir xalqa demokratiya və rifah gətirməyəcək.