Bir çoxuna təəccüblü gəlir ki, hər kəs əvvəlki mövqeyində qalacaqdısa, o zaman ən son Blinken-Lavrov görüşündə hansısa razılaşmanın olmasına dair bir ümidin yaranmasını əsaslandıran davranışlar nəyə lazım idi? Daha konkret desək, vəziyyətin normallaşmasından ötrü razılaşma olmuşdusa, niyə bunun açıqlanmaması barədə şifahi razılaşma görüntüsü yaradıldı? Lavrov niyə çıxıb dedi ki, ortaq nöqtələr tapmışıq, ancaq amerikan həmkarlarımızın da istəyi üzərinə detalları açıqlamırıq hələ...
Danışıqların detallarını ictimailəşdirməmək amerikanların, yoxsa rusların arzusu olub? Əgər düşünsək ki, mümkün müharibə variantında bütün parametrlər üzrə ən çox itirəcək tərəf Moskva olacaq, o zaman bir ehtimal yarana bilir.
Mən belə düşünürəm ki, "ictimailəşdirməmək" Lavrovun özünün, bir az da düşünmək üçün aldığı zamandan ötrü professional uydurması idi. Bunu "..amerikanlar istəyib deyə, belə olub" haqqında heç bir yerdə məlumata rast gəlmədim. Sadəcə, Lavrov çıxdı belə dedi, amerikanlar da "işiniz olmasın, buraxın papaqlarını qabaqlarına qoyub fikirləşsinlər" soyuqqanlılığı göstərdilər...
Versiyalar var ki, Ukrayna bu hərbi-siyasi böhran fonunda işğal oluna, yaxud parçalana bilər. Mən inanmıram. Ukraynanın bölünməsi ehtimalı qətiyyən mümkün deyil. Kimsə anlamaq istəmir ki, bu proseslər əslində Rusiyanın Ukraynaya hücumu təlaşı altında baş vermir, Ukraynanın Qərbi arxasına alıb ərazi bütövlüyünü bir an öncə bərpa etməsi planı əsasında baş verir, təbii, Qərbin də öz maraqları var işin sonunda. Diqtə edən tərəf hazırda Moskva deyil, açıq-aşkar Vaşinqton və Brüsseldir..
Rusiya bu plandan xəbərdar olduğu üçün sərhədə 200 minlik qoşun toplayıb, özünümüdafiə qalası yaradıb. Yəni açar krizis Rusiyanın şar kimi şişirilmiş "Ukraynaya ildırımsürətli hücum" həyəcanı deyil. Məsələ Qərbin Ukraynanı inandırmasıdır ki, narahat olma, başla, biz sənin arxandayıq, ərazini azad et, Rusiya daha bir acı məğlubiyyət alsın, daxildə parçalanma sürətlənsin...
Rəşad Bakuvi
AY Partiya Başqanının müavini