“Rusiya-Ukrayna qarşıdurmasının qızışmasının səbəbi Rusiyanın Ukraynada daha çox əraziyə iddialı olması, Ukraynanın isə Qərbin gəlişi gözəl vədlərinə inanmasıdır”.
Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqan müavini Gülşən Hacıyeva deyib.
Onun fikrincə, digər ərazilərə iddialı olduğunu Putin bir neçə il öncə dövlət kanalına verdiyi müsahibəsində açıq ifadə etmişdi: “o, Kiyevdən Qərbə sizin, Şərqə bizim”, - demişdi. Şərqdəki şəhərlər strateji əhəmiyyət baxımından Rusiya üçün önəmlidir. Odessa və Azov dənizin sahilində yerləşən Mariopol (Sovet dövründə Jdanovski adlanırdı) kimi liman şəhərləri, Xarkov, Dneptorpetrovsk kimi ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirildiyi bölgələr. Üstəlik bu şəhərlərdə rusdilli əhali çoxluq təşkil edir. Hətta Mariopolda bələdiyyə sədri ruspərəstlərin partiyasından seçilir. Kiçik qığılcım verildiyi təqdirdə, həmin şəhərlər Donbas separatçılarına qoşulmaq istədiyini bəyan edə bilər”.
G. Hacıyeva qeyd edib ki, Ukrayna bu planlardan xəbərdardır: “Üstəlik Türkiyə və ABŞ nümunəsində dəstəkləri var. ABŞ bəlkə də eskalasiya baş verərsə, yumşaq güc tətbiq etməyə davam edər, Türkiyə isə birmənalı açıq hərbi müdaxilə edəcək. Bununla bağlı iki ölkə arasında hərbi müqavilə də imzalanıb. Lakin istənilən halda indiki durumda münaqişənin daha da qızışacağını düşünmürəm. Çünki Türkiyənin də prosesə müdaxiləsi ilə münaqişə ikitərəfli formatdann çıxaraq qlobal xarakter daşıyar. Bunu isə tərəflərdən heç biri istəməz. Ona görə yox ki, tərəflərin nüvə silahı var. 21-ci əsrdə bu silahlar görüntü xarakteri daşıyır, tətbiq ehtimalları olduqca aşağıdır. Məsələ ondadır ki, tərəflər qlobal güclərdir. Açıq müharibə insan itkisindən başqa heç nə vəd etmir. Üstəlik ABŞ kimi beyin mərkəzlərinin güclü işlədiyi ölkə anlamamış deyil ki, nüvə silahına sahib Rusiyanın bu səviyyədə zəiflədilməsi elə onların özlərinin təhlükəsizlik maraqlarına təhdiddir. Bir sözlə, Rusiyanın ortabab vəziyyətə gətirilməsi üçün bu qarşıdurmadan Qərb uzun müddət yararlanacaq”.