“Bu gün 27 aprel - Rusiya işğalının 102-ci ildönümüdür. Təəssüf edirəm ki, Azərbaycandakı siyasi-ictimai qüvvələr və partiyalar bu məsələlərə laqeyd yanaşırlar. Söhbət sosial şəbəkələrdə müəyyən statuslar, yazılar paylaşmaqdan getmir. Düşünürük ki, bu tarix kifayət qədər önəmli tarixdir. Qara tarix olsa da, amma yenə də önəmli tarixdir. Dövlətlər, millətlər gələcəyə yaxşı səviyyədə yürümək, xalqının, millətinin müstəqilliyini qorumaq, güclü olmaq üçün mütləq tarixlərindən dərs almalıdırlar”.
Bunu TNS-ə açıqlamasında Azərbaycan Yüksəliş Partiyası başqanının birinci müavini, İcra Aparatının rəhbəri Bəhram İsmayılov deyib.
O bildirib ki, 102 il bundan öncə 200 ildən artıq müddətdə Qafqazda olan Rusiya Azərbaycan üçün yenidən bir faciə yaşatdı, Azərbaycanın istiqlalına son qoydu: “Çox təəssüf ki, 1920-ci ilin 27 aprelində daxilimizdə olan bolşeviklərin də iştirakı ilə Azərbaycan Cümhuriyyətinə son qoyuldu. Azərbaycan dövləti Rusiya imperiyasının adı dəyişilmiş forması olan Sovet imperiyasının tərkibinə qatıldı. Və 70 ildən sonra yenidən müstəqilliyimizi bərpa etməyi bacardıq”.
Bəhram İsmayılov rus təhlükəsinin hər zaman aktual olduğunu bildirib.
“Bu gün Qarabağın bəzi ərazilərində rus əsgərlərinin olması, Rusiya imperiyasını bərpa etmək istəyən Putin rejiminin Ukrayna bataqlığında çırpınması dediklərimizə bariz nümunədir. Bu gün Moldovadakı, Gürcüstandakı işğalçı rus əsgəri, ümumiyyətlə, əli çatdığı hər yerdə problem yaradan rus əsgəri, imkanı, gücü çatdığı qədər ətrafındakı ölkələrə, keçmiş sovet ölkələrinə problemlər yaratmaq istəyəcək. Və imperiyanı yenidən bərpa etmək istəyəcək. Bütün bunlar mütləq şəkildə nəzərə alınmalıdır”, - partiya başqanının birinci müavini vurğulayıb.
O, Azərbaycan Yüksəliş Partiyasının 27 aprel tarixini hər il xüsusi olaraq qeyd etdiyini xatırladıb.
“Hesab edirəm ki, son illərdə cəmiyyətə çatdırılmaq baxımından, 27 aprel işğalının aktuallığı daha da güclənib. Biz böyük bir qələbə qazanmış xalqıq. 200 ildən sonra mərd bir savaş Azərbaycan xalqının milli kimliyini bir daha ortaya qoydu. Sınıqlıq, əziklik problemi ortadan götürüldü. Cəmiyyətimizdə qalib xalq psixologiyası yarandı. Bu qələbəyə köklənərək, lakin çox ağıllı və soyuqqanlı şəkildə Rusiyadan və Cənubdan gələn təhlükələri hər zaman nəzərə almalıyıq, Azərbaycan dövlətinin bütövlüyü, qüdrətli olması üçün, Bütöv Azərbaycan üçün Türkiyə və türk dövlətləri ilə birgə addımlamalıyıq”, - Bəhram İsmayılov əlavə edib.