“Rusiyanın başı bu ərəfədə Ukraynaya qarışmışkən sülh məsələsi də gündəmdədir”
“Azərbaycanın bir an öncə bu problemlərdən çıxmasının yolu Qafqaz Evi ideyasının yenidən gündəmə gətiriməsidir”.
Musavat.com xəbər verir ki, bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib. Onun fikrincə, bu, Rusiyasız Qafqaz Evi formatında olmalıdır: “Cənubi Qafqaz Evi – Gürcüstan, Ermənistan, Azərbaycan təmsil olunmalıdır. Düşünürəm ki, Ermənistanla Azərbaycanın arasında bir an öncə vasitəçisiz masaya oturmalı, sülh müqaviləsi bağlamalı, Gürcüstan bu proseslərə mütləq cəlb olunmalıdır. Çünki Gürcüstanda bizim yarım milyona yaxın insanımız yaşayır. Orda xalqların birgə yaşayış məsələsində Gürcüstan modelindən örnək götürüb, Cənubi Qafqaz ölkələri arasında Qafqaz Evi yarada bilərik. Bir-birlərinin ərazisinə iddia məsələsi ortadan qalxar, müharibə məsələsi ortadan qalxar. Düşünürəm ki, Türkiyənin son illərdə super gücə çevrilməsi, Qafqaza gəlməsi, Qafqazın ölkələrinin hərbi və siyasi təminat altına alması əslində bizi gələcəkdə Rusiyadan gələcək təhlükələrdən yan götürə bilər”.
A.Əsədli hesab edir ki, Rusiyanın başı bu ərəfədə Ukraynaya qarışmışkən sülh məsələsi də gündəmdədir. AY Partiya başqanı bildirib ki, Paşinyanın da son günlər bu barədə açıqlamalar verməsi diqqət çəkir: “Bəllidir ki, Paşinyan müharibə çağırışları ilə hakimiyyətə gəlməmişdi, hakimiyyətə gəlməmişdən əvvəlki mövqeyi də bəlli idi. Erməni cəmiyyəti türk cəmiyyətinə qarşı cinayət aləti kimi istifadə olunsa da, bizə pataloji nifrət göstərsələr də, Paşinyanın obrazında son illərdə müharibəyə və şiddətə, nifrətə, Ermənistanın gələcəyini düşünən rasional siyasətçilər də gördük açığı. O baxımdan da Qafqaz Evi ideyasını tezliklə reallaşdırmaq lazımdır”.