Heç kimə sirr deyil ki, bu münaqişə məhz Rusiyanın birbaşa planına uyğun olaraq başlayıb və Rusiyanı regionda saxlayan hərbi münaqişə kimi bitmək bilmir.
Rusiya Qafqazı daim təsirində saxlamaq üçün heç bir zaman bu münaqişəni bitirmək istəməyəcək.
Bütün postsovet ölkələrindən əli çıxan, hətta öz soyundan olan Belarus və Ukrayna xalqları (Lukaşenko nəzərdə tutulmur) ilə də demək olar ki, düşmən mövqeyindəki Rusiyanın Qafqazı itirməsi regionda bitməsi deməkdir…
Rusiyanın 200 ildən artıq müddətdə bölgədəki işğalçı və imperalist siyasəti haqqında dəfələrlə danışmışıq, yazmışıq. Hər şey gün kimi aydındır.
İndi demək istədiklərim və məni narahat edən məsələ isə bizim bu proseslərə münasibətimizdir.
Xarici siyasətdəki boşluqlar açıq şəkildə tənqid olunmalıdır, amma bu tənqidlər xarici təhdid qarşısında xalqın siyasi hakimiyyəti suçlayıb, hədəf göstərməsi halına gəlməməlidir.
Bu, dövlətin strateji maraqlarına ziddir. Yaşana biləcək hər hansı kiçik, orta və ya böyük miqyasda müharibədə qarşı tərəfə öz içində psixoloji uduzmaqdır.
Anlayıram, "istədiyimiz cavab verilmir", - deyirsiniz, haqlısınız belə düşünməkdə, amma qəzəbi və nifrəti Rusiyaya, yəni bizi təhdid edən qüvvəyə yönəltməliyik.
Hədəf Rusiya olmalıdır!
Bu hakimiyyət zatən bir çox sahədə, o cümlədən sosial-iqtisadi sahədə elə bərbad siyasət yürüdür ki, istənilən tənqidə layiqdir.
Amma suverenliyimizə xarici təhdid varsa və bu zaman siyasi hakimiyyətin hər hansı boşluğu olsa, belə hədəf halına gətirilməsi yanlışdır, millətin və dövlətin gələcəyi baxımından təhlükəlidir.
Bir gün birinin evinə oğru girir, bir xeyli mal aparır, qonşular tökülüb gəlirlər, başlayırlar adamı qınamağa ki, niyə hasarı hündür eləmirdin, niyə "reşotka" qoymamışdın, niyə kamera quraşdırmamısan və s.
Axırda adam deyir ki, iradlarınızda haqlı ola bilərsiniz, amma bu oğrunun heçmi günahı yoxdur?)
Oğrunun üzərinə getmək lazımdır əvvəlcə, sonra qayıdıb boşluqları doldurmaq.
İkinci vacib məqam odur ki, bizim göstərdiyimiz bu həsassiyyəti dövləti idarə edən hökumət siyasi müxalifətə qarşı sərgiləmir, məlumatları, baş verənlər barədə dərin ipuclarını cox xəsisliklə paylaşır. Sırf Qarabağ, ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə hakimiyyət siyasi müxalifətə, cəmiyyətə, xalqa, bəlli olmayan bağlı qapılar arxasındakı danışıqların detalları barədə ipucları verməlidir ki, ən kritik anda Azərbaycan müxalifətinin də əli-qolu bağlanmasın, əksinə dövlətin manevr etmək imkanlarını gücləndirsin.
Bu, indiki kritik dönəmdə son dərəcə vacib elementdir. Bunu tələb etməliyik, cəmiyyəti bacardığımız qədər səfərbər edib, hökumətin bu hesabatlılığına nail olmaq lazımdır.