Dəyərli Sabir bəy!
Sizi - Azərbaycanın tanınmış qələm adamını, görkəmli ziyalısını, Vətəndaş Həmrəyliyi Partiyasının sədrini, millət vəkilini, Xalq şairini 75 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edirik.
Siz çağdaş Azərbaycan ədəbi düşüncəsinin parlaq nümayəndələrindən biri olmaqla yanaşı, həm də milli şüurun formalaşmasında əhəmiyyətli rol oynamış tarixi şəxsiyyətlərdən birisiniz. Taleyin qismətindən və könlünüzün ucalığındandır ki, gənclik illərindən başlayaraq, tutduğunuz yola, tapındığınız milli ruha ömrünüzün bütün mərhələlərində sadiq qalmağı bacaran azsaylı aydınlarımızdan biri oldunuz.
Ötən əsrin 80-ci illərində vüsət alan Milli Azadlıq Hərəkatının bərqərar olmasında, Azərbaycanın müstəqillik mübarizəsində də Sizin fədakar zəhmətiniz və toxunulmaz yeriniz vardır. Hələ o illərdə qələmə aldığınız "Ömür kitabı" əsəriniz milli ruhun oyanmasında əvəzsiz rol oynadı və qısa bir vaxtda böyük şöhrət qazanaraq insanların stolüstü kitabına çevrildi. Qələmə aldığınız başqa əsərlər də - istər nəsr və poetik nümunələr, istərsə də publisistik yazılar Sizin böyük istedad sahibi olduğunuzu bir daha təsdiqlədi.
Siz həm də fəal ictimai-siyasi xadim, partiya sədri və uzun illərin millət vəkili kimi ölkəmizin taleyüklü məsələlərinin müzakirəsində öz nüfuzlu ziyalı sözünü deməyi, mövqe bildirməyi bacarmısınız.
Əziz Sabir bəy!
Sizi bir daha anadan olmağınızın 75 illiyi münasibətilə təbrik edir, millət və ədəbiyyat naminə çalışmalarınızda daha böyük uğurlar və cansağlığı arzulayırıq.
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli