İki gündür, Qazilərimizlə bağlı baş verən hadisələrə dair münasibətləri, şərhləri müşahidə edirəm. Hadisəyə müxtəlif təbəqələrin reaksiyalarını izlədim. Cəmiyyətin reaksiyasını tam doğru analiz etmək üçün bir az gec fikir bildirdim.
Qazi və Şəhid məsələsi o qədər həssas və incə məqamdır ki, ağlı başında olan hər bir məmur, xüsusilə aidiyyəti qurumlarda işləyənlər bu mövzularda diqqətli olmalı, qüsursuz işləməlidirlər.
Birincisi, bu, bizim vəzifə borcumuzdur.
İkincisi, bir tərəfində İran, bir tərəfində Rusiya (mən hələ maraqları olan digər dövlətləri demirəm) olan ölkəmiz üçün sabotaj, xaosa zəmin yaradacaq təxribatlar hər gün, hər saat partlamağa hazır bomba kimi planlı şəkildə qurulur. Ölkənin bir hissəsində "sülhməramlı" adı ilə rus hərbçiləri var. Həmin hissədə “dinc sakin” adı altında separatçı erməni silahlı birləşmələri var.
Yəni savaş bitib, amma təhlükə sovuşmayıb. Savaş əzminin ölməsinə qəti şəkildə yol vermək olmaz.
“Ehtiyat igidin yaraşığıdır”, - deyiblər.
Bəs məmurun?
Hansı haqla dövlətin onlara etibar etdiyi məqamda oturub, strateji məsələ olan Qazilərin sosial təminatı ilə bağlı problemləri bu səviyyəyə gətirib çıxarırlar? Necə oldu ki, Qazi nazirlik qapısına dayandı? Nazirliyə qədər olan instansiyalar nə iş görüb, daha doğrusu nələri etməyib ki, biz bu tabloya şahid olduq?
Demək olmaz ki, Qazilərin qapı sındırmasının cəmiyyət tərəfindən yaxşı qarşılanması özü özlüyündə təqdirolunası faktdır. Əksinə, həm hadisənin özü, həm ona verilən reaksiya göstərir ki, Azərbaycan insanı dövlətin ona qayğısına və ya qanunun aliliyinə deyil, gücün, hərbə-zorbanın gerçək vasitə olduğuna inanır.
Bax, məsələnin ən pis tərəfi odur. 2 ildir, cəmi 10 000 nəfər Qazisinin ehtiyaclarını təmin edə bilməyən əlaqədar qurumlar sonda qapı qırdırdı. Sabotaj üçün güclü zəmin yaratdılar. Halbuki, “ASAN Xidmət” Mərkəzləri, sürətli çalışan qurumlar varkən, problemin 2 ildə çözülməyərək, şişməsi yolverilməz idi. Məmurun etinasızlığı dövlətin başında çatlayır.
Məmurun ehtiyatı iki istiqamətdə olmalıdır. Birincisi, işi planlı qurmaq və görmək qabiliyyəti, ikincisi milli təəssübkeşlik. Milli kadrların yetişməsi nə qədər uzansa, biz bir o qədər bu kimi yolverilməz hadisələrlə üzləşəcəyik.
Dəfələrlə altını cızaraq demişəm, milli kadrlar yetişdirilməli və vəzifəyə gətirilməlidir. Doğrudur, son illərdə xeyli kadr dəyişikliyi oldu. Harınlamış və xalqdan çox uzaq vəzifə sahiblərinin yerinə daha çox gənc, savadlı, adı ləkələnməmiş kadrlar gəlir. Bu, təqdirəlayiqdir. Lakin baxaq, görək, bu kadrlarda milli təəssübkeşlik və iş bacarığı hansı səviyyədədir? Əmək və əhalinin sosial müdafiə naziri bilmir ki, Qazinin nazirlik qapısına dayanması dövlət üçün təhlükədir?
Bilirsə, bir dərd, bilmirsə başqa bir dərd…
Qazi Vətən sevgisinin simvoludur. Şəhid və Qazi torpağı Vətən, milləti Dövlət edən varlıqdır. Dövlət heç bir zaman Qazisinin önündə çarəsiz görünməməlidir. Çünki dövlətin varlığı əsgərinin çiyinlərindədir. Qaziyə qarşı edilən yanlış dövlət sütunlarını zədələməkdir. Bu, yolverilməzdir cənab məmurlar!
Belə bir söz var: Şəhid olmağı gözə almayan Qazi ola bilməz. Qaziyə haqqını verəcəksən.
Pul tapa bilmirsən? Yoxdur? Saxta yolla seçilmiş deputatın maaşından kəs, ver qaziyə. Çatmır? Quldur və oğru icra başçılarının maaşından kəs. Bəlkə şər atırıq, yalan deyirik? Dövlətin təhlükəsizlik xidməti orqanının əməliyyatlarında və kameralarında görmədikmi bu rüşvəti, bu korrupsiyanı?
Nazir deyir ki, obyektiv olmağı, qaranlıq heç nəyin qalmamağını istəyirlər. “Obyektivlik” və “qaranlıq” məsələsi niyə Milli Məclisə seçkilərdə tələb olunmur, saxtakarlıqla xalqın səsinin oğurlanmasından belə qayğıyla danışılmır? Amma dövləti və o dövlətin Milli Məclisi olsun deyə, canını ortaya qoyan Qazilərlə bağlı obyektivlikdən danışılır.
Düşüncəsiz açıqlamalardansa, fəaliyyətinizi düzgün və milli maraqlar aspektindən yanaşaraq qurun ki, iş işdən keçəndən sonra polisin Qazini qucaqlaması səhnələrini, yəni böyük yanğın təhlükəsinin qarşısını bir fincan su ilə almağa çalışmaq kimi gülməli şoular izləməyək.
Anar Əsədli
AY Partiya Başqanı