Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvərinin vəfatından 75 il ötür.
1892-ci il avqustun 26-da Güney Azərbaycanın Xalxal mahalında dünyaya gələn Pişəvəri ibtidai və ali təhsilini ailəsi ilə birlikdə köçdüyü Bakıda alıb, əmək fəaliyyətinə də burada başlayıb.
O, gənc yaşlarından aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olub, 1920-ci ildə İrana qayıdıb. İranda üzləşdiyi məhdudiyyətlər, həbsxana həyatı onu yolundan döndərməyib, ömrünün sonunadək mübarizəsini davam etdirib.
1945-ci ilin dekabrında 21 Azər Hərəkatının qələbəsi nəticəsində qurulan Azərbaycan Milli Hökumətinin baş naziri olub. İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edən, azərbaycanlıların ana dilində danışmalarına, yazıb-oxumalarına şərait yaradan, daha bir çox islahata imza atan Milli Hökumətin ömrü qısa olduğundan hökumət təmsilçiləri, o cümlədən Pişəvəri 1946-cı ilin dekabrında Sovet Azərbaycanına mühacirət etmək məcburiyyərində qalıb.
Pişəvəri 1947-ci il iyunun 11-də Yevlax şəhəri yaxınlığında keçirdiyi müəmmalı avtomobil qəzasında həlak olub.
Azərbaycan Yüksəliş Partiyası Seyid Cəfər Pişəvərinin xatirəsini sayğı ilə yad edir.