20 iyul - Şimali Kipr Türk Respublikasının (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) Barış və Azadlıq günüdür.
Müstəqil KKTC 1983-cü il noyabrın 15-də elan olunsa da, Türk Dünyasının “Yavru Vətən”I Şimali Kipr müstəqilliyini asan əldə etməyib.
Yunanların adada türklərə qarşı apardığı soyqırımını dayandırmaq üçün 1974-cü il iyulun 20-də Türkiyənin Baş naziri Bülənt Ecevitin başçılığı ilə Türkiyə Silahlı Qüvvələri Kiprdə hərbi əməliyyat keçirib.
Bu hərakat nəticəsində Şimali Lefkoşa da daxil olmaqla adanın 37 faizi türklərin nəzarətinə keçib, Kiprin Yunanıstan tərəfindən ilhaqının qarşısı alınaraq, adada yaşayan türklərin təhlükəsizliyi təmin olunub.
Əslində bu prosesin başlanğıcı ötən əsrin 50-ci illərinə gedib çıxır. Həmin vaxt adadakı yunanlar Yunanıstana birləşmək üçün fəaliyyətə keçiblər. Buna qarşı çıxan türklərə olmazın işgəncələrini veriblər.
Artıq adanı tam itirmək təhlükəsinin yarandığını görən Türkiyə Dövləti prosesin qarşısını almaq üçün hərəkətə keçib.
Bu hərəkat zamanı Türkiyə Ordusu 498 şəhid verib, Kiprdə yaşayan 1672 hərbçi və mülki türk həlak olub.
Bu hərakatla Kiprin bugünkü sərhədləri müəyyənləşib, 13 fevral 1975-ci ildə Kipr Türk Federasiyası qurulub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının (KKTC) ilk prezidenti seçilib.
Bu günədək müstəqilliyi tanınmayan KKTC-dan fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.
Azərbaycan Yüksəliş Partiyası KKTC türklərini bayram münasibətilə təbrik edir, Cümhuriyyətin müstəqilliyinin tanınmamasını ədalətsizlik kimi qəbul edir, KKTC-nin bir gün bütün dövlətlər tərəfindən tanınacağına əminliyini bildirir.
Hesab edirik ki, KKTC-nin tanınması üçün hər cür əsas var.
AY Partiya olaraq, Azərbaycan hakimiyyətini və ümumilkdə Türk Dünyasını bu məsələni gündəmdə tutmağa, KKTC-nin müstəqilliyini tanımağa çağırırıq.