Özünün soyğunçu aptek biznesi ilə Azərbaycan xalqının haqqına girən deputat Cavanşir Feyziyev bu ölkənin milyonlarını Londonda ingilislərə qapdırır. Bu olayı yayan və etriaz edən media və ictimaiyyət nümayəndələrini isə təhqir edir, bu da gündəm olur və mövzu ətrafında müzakirələr açılır.
Bütün qüsurlarına rəğmən, Azərbaycan mediası cəmiyyətin güzgüsüdür, danışan dilidir. Media mənsublarına hücum etmək yolverilməzdir.
Azərbaycan KİV-inin fəaliyyətinin obyektiv və qərəzsiz olub-olmamağı başqa mövzudur. Bu, ona əsas vermir ki, media nümayəndələri ilə təhqiramiz formada danışılsın.
Əslində, bu mənzərə bir daha isbat edir ki, ölkədə demokratik institutlar hələ də formalaşmayıb və məsələ deputat Feyziyevin mədəniyyətsizliyi deyil. Feyziyevlər, mirələmovlar, novruzovlar, səlimovlar və s. kimi minlərlə tip var. İşimiz hər birinə ayrı-ayrılıqda savaş açmaq olsa, heç nəyin öhdəsindən gələ bilməyəcəyik. Məsələ ədalətli demokratik bir sistemin olmamasıdır.
Mediadakı dostlarımız sual edirlər ki, hansı partiyalar deputat Feyziyevlə bağlı bəyanat yayıb. Dəyərli dostlar, siz də yaxşı bilirsiniz, demokratik bir sistemin yaranması təkcə siyasi partiyaların fəaliyyəti ilə olmur. Dəyişikliyin avanqardı siyasi institutlar, KİV və aydınların birgə fəaliyyətidir.
Baxın, indiyədək YAP hakimiyyəti düşünürdü ki, bu insanlarla bir yerə qədər gəlib, hakimiyyətlərini sürdürə bilərlər və sürdürdülər də. Sürdürə bilməyəndə isə həmin oğru və nadanları qurbanlıq edib, bir müddət də bu şou ilə davam etmək, təbii ki, YAP hakimiyyətinin işinə yarayır. Lakin nə aydın görə, nə də düzgün təhlil edə bilirlər ki, indiyə qədər bu xalqın başına toxuduqları hörümçək toru bir yerdən sonra sökülməyə başlayır və başladı da. Artıq nə feyziyevlərlə, nə də onlardan düzəltdikləri qurbanlıq şousu ilə davam etmək mümkündür.
Xülasə, ölkə demokratik islahatlara hamilədir. Bu doğuşun sağlam keçməsi üçün, dəyərli media təmsilçilərimiz, sizin də üzərinizə böyük bir missiya düşür. Çünki özünüz də yaşayıb görürsünüz ki, cəmiyyətin avanqardı olan istər siyasətçi, istər ziyalı, istər media mənsubu - yəni hər kəs hər yolla "öz dükanını" qorumağa çalışdıqca, batan nadan məmurlar tərəfindən təhqir olunacaq. Çünki hakimiyyətin öz qurbanlarına verdiyi son tapşırıq budur: dəyişiklik prosesinin avanqardlarına zərbə vurub, təhqir edib gedin. Axı bütün hallarda hədəf iqtidarın özü olmamalıdır, onların tör-töküntüləri olmalıdır.