Baş Prokurorluq tərəfindən “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” adlı konfrans keçirilməsi və müzakirə olunan mövzular siyasi hakimiyyətin sosial şəbəkələrin Azərbaycan seqmentini nəzarətə götürmək istəyindən xəbər verir.
Bununla bağlı əvvəllər də məlumatlar var idi. Hətta zaman-zaman parlamentdə də fikirlər səsləndirilmişdi, bəzi deputatlar sosial şəbəkəyə girişin şəxsiyyət vəsiqəsi ilə olmasını təklif edirdilər. Nə isə ki, qərar qəbul edənlərin arasında hissiyyatı güclü olanlar buna imkan vermədilər. İndi yenidən bu məsələnin gündəmə gəlməsi təəssüf doğurur.
Hüquq-mühafizə orqanları bu yolla sosial şəbəkələr üzərindən xarici təhdidləri, daxili pozuculuq fəaliyyətlərini neytrallaşdırmaq üçün mexanizm yaratmağa çalışır. Bir digər niyyət kimi isə məlumat kirliliyinin aradan qaldırılması göstərilir.
Niyyətlər yaxşıdır, lakin səmimiyyətdə şübhə var. Bununla belə, hesab edək ki, hakimiyyət səmimidir, yenə də göstərilən problemlərin bu yöntəmlə aradan qaldırılması mümkün deyil. Sosial şəbəkə, səhifə, hesab bloklamak problemin həlli deyil, bu, Nizaminin təbirincə desək, güzgünü sındırmaqdır. Problemin həlli üçün isə özümüzü sındırmaq, əyrilərimizi düzəltmək lazımdır. Yəni birdəfəlik anlamaq lazımdır ki, sosial şəbəkə səhifəsini bloklamaq çözüm deyil. Bloklanan səhifə başqası ilə əvəz olunacaq.
AY Partiya olaraq dəfələrlə müxtəlif tribunalardan bildirmişik ki, xarici təhdidlərin neytrallaşdırılmasının ən təsirli, hətta yeganə yolu milli-ideoloji xəttin inkişaf etdirilməsidir. Ola bilsin ki, sosial şəbəkələr məlumat kirliliyinin yaranmasında mühüm yer tutur, bununla yanaşı, bu şəbəkələr vətəndaşlara seçim, ağı qaradan ayırmaq imkanı verir.
Azərbaycanda xüsusilə qəzet, xəbər saytı və TV kimi ənənəvi medianın ciddi nəzarətdə saxlanılması, burada plüralizmin təmin edilməməsi, kontentlərin bir rəngli olması vətəndaşları alternativ axtarışına sövq etdi.
Bu axtarış sadalanan media quruluşlarına buraxılmayan fərqli fikir sahiblərini, siyasiləri olduğu kimi qəbul edən sosial şəbəkələrin kəşfi ilə nəticələndi.
Təsəvvür edin, hər zaman arzusunda olduğumuz tok-şou feysbukda bir paylaşımla təşkil olunur - bir status altında 5, 10, 15 və daha çox fikir sahibi münasibət bildirir.
Axı bunun nəyi pisdir?
Əlbəttə ki, pis olan bu deyil, pis olan dövlət qurumlarının, səlahiyyətli şəxslərin sosial şəbəkələrin xarakter konfiqurasiyasına uya bilməməsidir. Anlaşılan odur ki, dövlət qurumunun, səlahiyyətli şəxsin yaymalı olduğu məlumatı həmin qurumda çalışan mütəxəssisin əmisi oğlunun qonşusunun təhrif olunmuş halda yaymasını istəmirlər. Bu, özlüyündə haqlı istəkdir, lakin bu istəyin təmin olunmasının yolu nəzarət, müdaxilə, məhdudlaşdırma mexanizmləri deyil.
Hesab edirəm ki, ümumilikdə medianın, o cümlədən sosial şəbəkələrin idarə olunma cəhdləri aradan qaldırılmalıdır. Bu sahənin özü özünü idarə mexanizmi formalaşdırıb, plüralizm, şəfaflıq təmin edilməlidir.