Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına həqiqətən də böyük gözləntilər var. Paşinyanın son açıqlamaları da göstərir ki, Ermənistan gedəcəyi kompromisləri prinsip etibarilə qəbul edib. Amma proses uzanır və haqlı olaraq sual yaranır ki, yaxşı onda nə üçün razılaşma olmur?
Bu suala cavab vermək üçün öncə başqa bir sual ortaya çıxır:
Rusiya hazırda nə istəyir (Rusiyanın ümumən nə istədiyi bəllidir, amma indiki situasiyaya görə)?
– Sülhü gecikdirmək və bununla regiondakı rıçaqlarını artırmaq;
– “Sülhməramlı” qiyafəsindəki hərbi gücü ilə Azərbaycan və Ermənistana təsir imkanlarını qoruyub saxlamaq;
– Münaqişəni qismən də olsa, aktiv saxlamaqla digər beynəlxalq güclərlə bölgədəki maraqları arasında bufer zona saxlamaq.
Buna görə də Rusiyanın birmənalı şəkildə Brüssel formatına qarşı olduğu bəllidir. Zaxarovanın timsalında Moskva açıq-aşkar Brüssel formatına “diş qıcayır”. Avropanın sülhə doğru vasitəçiliyi Kremlin maraqlarına zidd olduğu üçün Rusiyanın müxtəlif şantaj vasitələrini yenidən işə sala biləcəyini Paşinyana hər vəchlə mesaj verməsi sülh prosesini gecikdirir.
Məsələn, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi.
Sarkisyan və Dəmirçiyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdı. Bəli, Koçaryanı, o Robert ki, hər ad günündə Putin zəng edib, təbrik edir. Məhz bu baxımdan parlament gülləbaran edildi, proses yarımçıq qaldı. Təəssüf ki, Şimal qonşumuz Qafqazı və təsir imkanları olan digər bölgələri nüfuzunda saxlamaq üçün bu cür təxribatlara zaman- zaman əl atır.
Bununla belə, hesab edirəm ki, rəsmi Moskva prosesin qarşısını ala bilməyəcək. Düzdür, prosesi maksimum dərəcədə gecikdirir, güman ki, bundan sonra da gecikdirəcək. Lakin tamamilə qarşısını ala bilməyəcək. Çünki daha əvvəllər də qeyd etdiyim kimi, Qarabağ probleminin həlli Azərbaycan xalqının iradəsilə yanaşı, beynəlxalq güclərin, o cümlədən regionda kifayət qədər güclü rıçaqlara sahib olan Türkiyənin diktəsidir. Bu münaqişənin böyük bir hissəsi həll olunub. İndi qalıb sülh müqaviləsi.
Rusiya bütün gücü ilə çalışır ki, hazırkı katastrofik vəziyyətini adlayana qədər bu sülhə mane olsun. Hesab edirəm ki, Azərbaycan maksimum dərəcədə sürətli hərəkət edərək, Rusiyanın mövcud vəziyyətindən istifadə etməli və sülhə nail olmalıdır. Təbii ki, bu, asan olmayacaq.
Bununla belə, düşünürəm ki, Rusiyanın Cənubi Qafqazdakı imperialist və hegemonluq maraqlarını iqtisadi maraqlarla əvəzləyərək, qalıcı sülhə nail ola, eləcə də rəsmi Moskvanı ölkəmizdə və regionda istədiyimiz küncə sıxışdıra bilərik. Çünki Rusiyanı regiondan çıxarmasaq, bizə nəfəs yoxdur.
Bu həqiqəti artıq Qafqaz xalqları başa düşməlidir. Ermənilər anlamalıdır ki, günahsız azərbaycanlıların qanlarına əllərini bulaşdıraraq, rusların əlində girova çevriliblər. Şizofren erməni xüsusiyyətləri, “Böyük Ermənistan” xülyası onları bu qədər vəhşi, uşaq qatili, vandala çevirdi. Rusiya bundan yaxşı istifadə etdi. Ermənilər böyük məğlubiyyətləri zamanı da son nəfəslərinədək savaşaraq, düşünürdülər ki, Moskva gələcək, onları xilas edəcək.
Çünki Rusiya bu xalqı qatil edərkən, soyqırımı törətməyə məcbur edərkən, onları qoruyacağına söz vermişdi. Ermənilər də qazandıqları müvəqqəti qalibiyyətlərində eyforiyaya qapıldılar. Rusları özlərinə dost bildilər. Amma Putinin “Azərbaycan öz sərhədləri içərisində müharibə aparır”, – deməsi əslində onları da ayıltmalıdır. Və ayılma “Qafqaz evi”ni yaratmalıdır.
Qafqazın gələcək hüzuru və stabilliyi naminə. russuz, qansız, mehriban yaşayan “Qafqaz evi”. Bu, absurd bir ideya deyil, reallıqdır, məcburiyyətdir. Sülhün və demokratiyanın simvolu olan Qafqaz.
Türkiyənin, İsrailin, Pakistanın, Ukraynanın, Avropanın dostu olan Qafqaz.
Rusiyasız Qafqazın gələcəyini qurmalıyıq və buna hazır olmalıyıq…
Anar Əsədli,
Azərbaycan Yüksəliş Partiyasının başqanı