Suveren ərazilərimizdə mövcudluğunu davam etdirən, rus “sülhməramlı”larının sayəsində yerlərini daha da möhkəmləndirən erməni terrorçular Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Atəşkəs Bəyanatından keçən 1 il 3 ay ərzində davamlı şəkildə təxribatlar törədirlər.
Növbəti təxribat bu gecə qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Nazirlik bildirir ki, təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları müşahidə edilib.
Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən, terrorçular sülhməramlıların yerləşdiyi ərazilərdən dərhal çıxarılmalı idi. Amma görünən budur ki, 15 ay keçməsinə baxmayaraq, ərazi nəinki terrorçulardan təmizlənib, əksinə missiyası sülhyaratma olan Rusiya hərbçiləri terrorçulara dəstək çıxır, onların mövqelərini gücləndirməsi, yerlərini möhkəmləndirməsi üçün əllərindən gələni edirlər. Bu da məqsədli şəkildə edilir. Çünki Rusiyaya bölgədə sülh yox, münaqişə, qarşıdurma lazımdır. Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalayıb, sərhədlərində sabitliyi təmin etməsi Rusiyanın işinə yaramır. Sərhədlərində sabitlik olan ölkələrin inkişaf etməsi, xaricdən, xüsusilə Rusiyadan asılılığının azalması ilə Rusiyanın da bölgəyə təsiri azalacağı üçün regionun super gücünə davamlı xaos lazımdır.
Yoxsa, sülhməramlılar üçün Rusiya hərbçilərinin nəzarətində olan ərazilərimizdəki 3-5 terrorçunu təmizləmək çox asandır. Bu “təmizlik” indiyədək aparılmayıbsa, deməli, məqsəd sülhyaratma deyil. Bu, məlumdur.
Gələk, Müdafiə Nazirliyinin yaydığı məlumatda erməni silahlı dəstələrinin sərxoş vəziyyətdə atəşkəsi pozduğunu yazmasına...
Çox maraqlıdı, Nazirliyimiz o qədər uzaq məsafədən mövqelərimizi atəşə tutan terrorçuların sərxoş olduqlarını necə müəyyənləşdirib? Yəni ki, ciddi bir şey yoxdu, 2-3 sərxoş xuliqanlıq edib, narahat olmaq, etiraz etmək lazım deyil? Azərbaycanın suverenliyinin təminatına məsul rəsmi qurumlardan biri olan Müdafiə Nazirliyi belə qeyri-ciddi məlumat yaymaqla nə etmək istəyir?
Terrorçular Ermənistan ərazisindən mövqelərimizi atəşə tutsaydı, bunu hardasa başa düşmək, Ermənistana xəbərdarlıq etmək olardı. Amma söhbət Azərbaycanın ərazilərində “bəslənən” terrorçulardan gedir. Azərbaycanın dövlət sərhədləri daxilində terror qruplarının mövcudluğu birbaşa ərazi bütövlüyümüz və suverenliyimizə təhdiddir. Rəsmi qurumlarımız yaydıqları bütün açıqlamlarda bu məsələninin üzərində durmalıdır.
Müdafiə Nazirliyi belə qeyri-ciddi məlumatlar yaymaq yerinə, Rusiya Müdafiə Nazirliyindən bu və bunun kimi təxribatlarla bağlı açıqlama tələb etməli, sülhməramlıları həqiqi missiyalarını həyata keçirməyə çağırmalı, bunlar nəticəsiz qaldıqda adekvat tədbirlər görməlidir.
Gülşən Hacıyeva
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini