Rusiya Federasiyası Müdafiə Nazirliyinin Milli İdarəetmə Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev Ukraynaya humanitar yardımlardan danışarkən Azərbaycanla bağlı təxribatçı ifadə işlədib. Mizintsev “Suriyadan 50 ton ərzaq, Dağlıq Qarabağdan isə 14 ton zəruri tələbat malları göndərildiyini” bildirib.
Artıq Azərbaycan Müdafiə Nazirliyi bu barədə etiraz bəyanatı yayıb.
Xeber365.com məsələ ilə bağlı Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin fikirlərini öyrənib.
Anar Əsədli bildirib ki, o, hələ Rusiya ilə müttəfiqlik məsələsi müzakirə olunanda Rusiyanın bu günə qədər istər özünün imza atdığı, istərsə də beynəlxalq hüquqla tanınan heç bir sənədə sayğı göstərmədiyini qeyd edib.
O qeyd edib ki, Rusiya sayğı göstərsəydi, özünün təşəbbüsü ilə yaradılmış MDB-yə vaxtilə üzv olan Moldova, Gürcüstan və Ukrayna dövlətlərinin ərazisində separatçı “dövlət”lər yaratmazdı və həmin ölkələrin suverenliyini təhdid etməzdi.
AY Partiya Başqanı deyib ki, bu gün Rusiyanın həmin "separatçı dövlətlərin müstəqilliyi”ni tanıması bir daha göstərir ki, Rusiya nə özünün atdığı imzaya, nə də beynəlxalq hüquqa hörmət edir.
Anar Əsədli hesab edir ki, bizə təhdid Rusiyanın yürütdüyü imperialist xarakterli siyasətdir: “Görürsünüz, Rusiya hər hansı sənəd olmadan da müdaxilə niyyətini reallaşdıra bilər. Necə ki, bu gün belə təxribatlar Qarabağda törədilir. Bu gün baş verənlərə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin qəbuledilməz olması ilə bağlı etiraz bəyanatı verir və bildirir ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur.
Əla, təqdir edirik, belə də olmalı idi. Yaxşı, bəs etiraz bəyanatındakı bu fikir nəyi ifadə edir?
Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub. Müdafiə Nazirliyinin etiraz bəyanatındakı bu fikri açığı yumşaq hesab edirəm. Rusiya Müdafiə Nazirliyi məgər müstəqil bir qurumdur və Prezident Putinin siyasi mövqeyindən kənar fəaliyyət göstərir? Bu qədər ehtiyatlı və diplomatik ifadələrin ölkənin Müdafiə Nazirliyinin bəyanatında yer alması yolverilməzdir. Rusiya öz imperialist siyasətinə uyğun olanı edir, sizin cümlələri ehtiyatla seçməniz onun niyyətini dəyişməyəcək. Əksinə, qətiyyətli mövqe sərgiləmək, kəskin ifadələr işlətmək lazımdır”.
Partiya Başqanı onu da əlavə edib ki, artıq Putin Rusiyasının özünün batan dövrünü yaşaması sirr deyil, lakin daha da aqressivləşərək mütləq digər yaratdığı münaqişə ocaqlarında da təxribatlara əl atacaq: “Buna görə də Qarabağda separatçıların fəallaşması gözlənilən hadisə idi. Rusiya torpaqlarımıza boş yerə sülhməramlı adı ilə girməyib. Əlində kart var, şantaj edir”.
Anar Əsədli bildirib ki, həm Xarici İşlər, həm də Müdafiə nazirlikləri daha sərt bəyanatlarla çıxış etməli və bununla yanaşı, sülhməramlıların yarıtmaq fəailiyyətləri ilə bağlı hüquqi sənədlər hazırlanmalı, bunun üçün hüquqi baza yaradılmalıdır. Rusiyanın düşdüyü vəziyyətdən maksimum istifadə etməli, Qarabağın terrorçulardan tam təmizlənməsinə nail olmalıyıq".