8 may və 9 may tarixləri Azərbaycan dövlətiin və xalqının tarixində təzadlı və ağır günlərdi.
8 may "Şuşanın işğalı" tarixi Ali Baş komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun, Şəhid və qazilərimizin gücü nəticəsində keçmişə çevrildi. Artıq 8 may kimi bir yaramız yoxdur. Buna görə də Ordumuza "var ol" - deyir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq.
Lakin illərdir, 9 mayın Qələbə bayramı kimi xalqımız və dövlətimiz tərəfindən qeyd olunması hər zaman suallar doğurub. Çox arqument olsa da, mən sadəcə birini yazacam.
Məhz İkinci Dünya Savaşının qalibi Sovet İmperiyası tərəfindən Azərbaycan xalqı 70 il öz müstəqil dövlətinin vətəndaşı olmaqdan mərhum olub. Bir demokratik cümhuriyyətin vətəndaşı statusunda böyümək, milli kimliyini tanımaq, hüquqlarını bilmək, haqlarını müdafiə etmək kimi siyasi tərbiyədən məhrum olmuşuq.
Çünki 1918-də qurduğumuz Cümhuriyəti başımıza yıxıb, işğal etdilər. SSRİ adlı dövlətin həm də azərbaycanlıların öz vətənlərində qurduğu Xalq Cümhuriyyətinin işğalı bahasına yaranmasını bizə unutdurmağa çalışdılar.
İşğalın heç bir zaman müsbət tərəfi ola bilməz.
70 il az müddət deyil, üç-dört nəslin böyüməsi deməkdir. Sovet müstəmləkə rejimində üç-dört nəsil "qul vətəndaş"ın sovet təbliğatının təsiri altında böyüməsinin nəticəsi o oldu ki, Aytmatovun dediyi kimi, hətta onu işgal edən imperialist sovet Rusiyasına insanlarımızın böyük əksəriyyəti manqurt kimi "vətən" dedi.
Bu itirilmiş illərdə insanlar sovetlər tərəfindən sürü psixoligiyası ilə gah II Dünya Savaşına, gah Əfqanıstan müharibəsinə sürükləndi. Bu savaşlarda millətimiz həm canından, həm malından oldu.
Bəli, Rusiya istər çar, istər sovet, istər müstəqil respubıika adlandırılsın, bizə nə dost, nə də vətəndir. Nə sülhməramlıdır, nə strateji müttəfiq.
Rusiya bizə bəladır, bəla...
Bu, bir faktdır ki, Rusiya regionun super gücüdür və həmçinin böyük hərbi gücə malikdir. 1813 və 28-dən başlayaraq, 1918-ci ildən indiyədək bizə qarşı olan qonşu ölkənin adı Rusiyadır, bu da bir faktdır. Məhz buna görə də xalqımız tərəfindən sevilməyən qonşu ölkədir.
Biz 20 Yanvar, Xocalı faciələrinin üstünə yenidən qayıtmadan sadə bir həqiqətlə deyə bilərik ki, sülhməramlı sözü ilə Rusiya ifadəsi arasında yaxından-uzaqdan heç bir siyasi bağlantı ola bilməz.
Hər addımında, hər hərəkətində regionun "ağası mənəm" deyən Rusiyanın Xanıkəndidə 9 may paradı düzənləməsi də bu qəbildəndir.
Necə olur ki, Abxaziya, Osetiya və Moldovada illərdi, "Rusiya sülhməramlılarının" 9 may Qələbə bayramı yadına düşmürdü, indi Xankəndidə xatırlayıblar və mütləq burda babalarının ruhunu əzizi tutub, parad düzənləməlidirlər?
Kimin torpağında?!
Və bizim ölkənin mövcud hakimiyyəti Rusiyanın bu başınabuyruq siyasətinə necə cavab verir? Müdafiə Nazirliyi açıqlama yayır ki, Xankəndidə sıra düzülüşü olacaq...
Ayıb deyilmi?
Hərbi parada sıra düzülüşü deməkdirmi sizin cavabınız?
Rusiyanın regionun super gücü olmağı faktı müstəmləkəçiyə boyun əyməyimizə haqq verə bilərmi?
Qətiyyən!
Yazının əvvəlində də qeyd elədim, SSRİ adlı dövlət həm də azərbaycanlıların öz vətənlərində qurduğu Xalq Cümhuriyyətinin işğalı bahasına yaranıb.
Və bütün tarixi gerçəkliklərə isə sayğı ilə yanaşaraq, qeyd etmək istərdim ki, bu ideoloji düşüncə tərzi qətiyyən ata-babalarımızın faşizmə qarşı mübarizəsində sözügedən müharibədəki xidmətlərinin üstündən xətt çəkmək deyil.
Əksinə tarixi gerçəklikləri doğru və müfəssəl şəkildə söyləmək lazımdır ki, xalq müstəmləkəçiyə qarşı müqavimət hissini düzgün formalaşdıra bilsin, dövlət də aciz qalmasın.
Bütün konstitusiyalarda yazılır ki, hakimiyyətin mənbəyi xalqdır!
Dövlətin gücü müstəmləkəçiyə qarşı milli birlikdir!
Təssüf ki, mövcud hakimiyyət bu birliyi yaratmağa maraqlı deyil və heç bir səy də göstərmir. Əgər savaş zamanı yaşanan milli birliyi post-müharibə dövründə siyasi münasibətlərə də sinxronizasiya edə bilsəydilər, bu gün Rusiya bu paradı keçirə bilməzdi.
Qısa bir xatırlatma və ya nümunə göstərmək istəyirəm: Keçən il 9 may faşizm üzərində qələbəni termin olaraq "Vətən müharibəsi" kimi təqdim edilməsinə etiraz kampaniyası başlatdıq. 500 nəfərdən çox ictimai-siyasi şəxsin, ziyalının imzasını topladıq və Milli Məclisə göndərdik. Cəmiyyətə də izah etməyə çalışdıq ki, bu, Vətən müharibəsi deyil bizim üçün. Faşizm üzərində bizim ata-babalarımızın da iştirak etdiyi bir qələbədir.
Və bu gün açın, bütün mediaya baxın, hər yerdə faşizm üzərində qələbə termini istifadə olunur.
Bəli fərqli və alternativ düşüncə nəticəsində bu gün daha doğru yol alındı. Deməli, sağlam fikir hər zaman qalib gəlir, gec ya tez.
Xankəndini və digər torpaqlarımızı işğaldan azad etmənin, suverenliyimizə təhdidlərin aradan qaldırmağın yolu həm də ölkədə normal demokratik siyasi mühitin yaradılmasından keçir.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli