“Türkiyə kimi dünyada supergüc olma yolunda ciddi addımlar atan bir dövlətin iqtisadiyyatının bugünkü uğurlar fonunda çöküş göstərməsi heç də təsadüfi deyil”.
Bunu Konkret.az-a Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli bildirib.
Onun fikrincə, 100 ildən çoxdur, Şərq məsələsi çərçivəsində Türkiyənin suverenliyinə, hakimiyyətinə qarşı aparılan çirkin kampaniya görünür ki, bu gün də qardaş ölkənin iqtisadiyyatına yönəlib.
“Təsadüfi deyil ki, Baydenin inaqurasiya mərasimində “Türkiyənin addımlarını dinc vasitələrlə dayandıracağıq” deməsi artıq praktiki həllini tapır. Türkiyə Amerikanın cəhdlərinə rəğmən müstəqil siyasət yeritdi, terrora qarşı mübarizə apararaq, İŞİD-i və digər qanadlarını sərhədindən uğurla təmizlədi. “Zeytun budağı”, “Fırat qalxanı” əməliyyatlarını uğurla həyata keçirdi. Aralıq dənizində əks cəbhənin gücünə rəğmən dayaqlarını qorudu. İstehsal etdiyi silahlar dünyada ciddi səs-küy yaratdı, dünyanın silah sənayesində ilk üçlükdə yer aldı. Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Balkanlarda böyük nüfuz qazandı. Liviyada BMT-nin dəstəklədiyi qanuni hökumətin qorunub-saxlanmasında, Qarabağda erməni vandalizminə son qoyulmasında, Şimali və Cənubi Sudanda vətəndaş müharibəsinin dayandırılmasında, Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsində Türkiyə “əzilən tərəfin yanında” olduğunu sübut etdi”, - deyə o əlavə edib.
Ölkə daxilində və xarici siyasətdə boşluqların mövcudluğuna da diqqət çəkən partiya liderinin fikrincə, bu qədər uğurlara rəğmən özgə “dəyirmanına su töküb” Türkiyə hakimiyyətini hədəf almaq doğru deyil: “Türkiyə bütün dövlətlərin lazımi anda yanında olduğu kimi, bu gün də Türkiyənin yanında olma zamanıdır; 2023-cü il “sandıq nəticələri”ndən asılı olmayaraq! Hər zaman bəyan etdiyimiz kimi, hakimiyyət və dövlət arasındakı qırmızı cizgini gözləmək lazımdır. Bu gün Türkiyə hakimiyyəti hədəf alınsa da, təhdidlərin Türkiyə dövlətinə yönləndiyini unutmaq olmaz. Hökumətin yanlış iqtisadi siyasətindən indiki durumda fürsət kimi istifadə etmək yolverilməzdir”.