"Şəhidlərimizin ailələri, qazilərimiz, müharibə iştirakçılarımızla bağlı məsələlər strateji amildir. Bu kimi hadisələr (biri özünü yandırır, birinin ürəyi partlayır) bizim xarici təhdidlərə qarşı hərbi-ideoloji immunitet qazanmağımızı baltalayır.
Bir tərəfində İran, bir tərəfində Rusiya (mən hələ maraqları olan digər dövlətləri demirəm) olan ölkəmiz üçün sabotaj, xaosa zəmin yaradacaq təxribatlar hər gün, hər saat partlamağa hazır bomba kimi planlı şəkildə qurulur. Ölkənin bir hissəsində "sülhməramlı" adı ilə rus hərbçilər var. Həmin hissədə “dinc sakin” adı altında separatçı erməni silahlı birləşmələri var. Yəni savaş bitib, amma təhlükə sovuşmayıb. Savaş əzminin ölməsinə qəti şəkildə yol vermək olmaz. Anlamıq lazımdır ki, məmurun, medianın etinasızlığı bu millətin və dövlətin başında çatlayır".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.
Onun sözlərinə görə, dövlət heç bir zaman Qazisinin önündə çarəsiz görünməməlidir: "Çünki dövlətin varlığı əsgərinin çiyinlərindədir. Qaziyə qarşı göstərilən bu etinasızlıq və yanlışlar dövlət sütunlarını zədələməkdir. Bu, yolverilməzdir. Ümumiyyətlə, hakimiyyətin əlillər, qazilər, müharibə iştirakçıları ilə bağlı siyasətində boşluqlar həddindən artıq çoxdur".
A.Əsədli vurğuladı ki, qələbə ilə başa vurduğumuz Vətən müharibəsindən cəmi 2 il keçsə də, hər gün müxtəlif biabırçılıqla qarşılaşırıq: "Fiziki qüsurlu insanların, qazilərin evlə təminat hüququ, pensiya hüququ əlindən alınır. Bu hüquqların təmin olunması üçün üz tutduğu məhkəmədə isə daha dəhşətli halla qarşılaşır - təminatları ilə yanaşı, son ümidi də əlindən alınır. Bu və bu kimi hallar yolverilməzdir. Əlillər, qazilər və müharibə iştirakçıları cəmiyyətimizin həssas qrupudur və başımızın tacıdır. Onların problemlərinin araşdırılıb, həll olunması boynumuzun borcudur".
Partiya sədri hesab edir ki, cəmiyyət olaraq da bu məsələdə səfərbər olmalıyıq: " Xüsusilə cəmiyyətin öndə olan şəxsləri və qurumları səssiz qalmamalıdır. "Hakimiyyətin bu məsələdə siyasəti yarıtmazdır" deməklə işimizi bitmiş hesab edə bilmərik. Mütləq siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları bir araya gəlib, bu həssas təbəqənin problemləri ilə bağlı ictimai nəzarət mexanizmi yaratmalıdır.
Qısacası, bu sahədə siyasi institutların QHT-lərin, medianın ciddi əməli fəaliyyəti olmalıdır. Biz AY Partiya olaraq, artıq müzakirə açmışıq, təkliflər paketi hazırlayıb ictimaiyyətə təqdim etmişik".