Bu günlər gündəm olan videoçəkiliş yazımı ritorik sualla başlamağıma əsas verir.
Təhsil sistemi elə bir mövzudur ki, hər gün danışılacaq, yazılacaq çox məqamlar var. Az qala trendə çevrilmiş məktəb qalmaqalları, demək olar, hər həftə "göz oxşayır".
Müasir təhsilimizin söykəndiyi ənənələr, dövlət qanunları, ictimai nəzarətin yetərli olub-olmaması geniş müzakirə, bəlkə də, mübahisə obyektidir.
Hazırda respublikanın orta təhsil məktəblərində BSQ (böyük summativ qiymətləndirilmə) həftəsidir. Ondan öncə isə KSQ-lərin (kiçik summativ qiymətləndirmə) şagirdlər arasında yaratdığı təlaş, həyəcan qüvvədə idi.
Təbii, bu summativlər dərslikdəki materialların aylıq mənimsəmə dərəcələrinin ölçülməsi üçün hesablanıb. KSQ və BSQ deyilən bu sınaqlar şagirdlərə nə verir, nəyi öyrədir? Bu sualın cavabı bir qədər təzadlı ola bilər. Uyğun zamanda bizim tərəfdən mütləq olaraq toxunulacağını düşünürəm.
O ki qaldı məktəblərin birindən çəkilmiş görüntülərə...
İlk olaraq qeyd etmək istəyirəm ki, şagirdlərin qeyri-etik davranışları ilə yanaşı, xanım müəllimin reaksiya verməməsi sanki bu dərslərin hər zaman bu qaydada keçirildiyi təəssüratını yaradır. Şagirdlər arasında geniş yayılan davranış pozuntuları öncə ailədaxili münasibətlərin vəziyyətindən, daha sonra sosial faktorlardan xəbər verir.
Sinifdə bir deyil, bir neçə şagirdin eyni vaxtda etdiyi xoşagəlməz hərəkətlər və müəllimin məcburiyyətdən və ya etinasızlıqdan susqunluğu əslində bizim üçün bir aynadır. Tez-tez eşitdiyimiz müəllimin şagirdi döymə faktları, valideynin müəllimə əl qaldırması, dərslərin bərbad keçirilməsi ilə bağlı video görüntülər cəmiyyət üçün həyəcan mesajıdır.
Məktəblilərin etik olmayan davranışlarının alt qatında dayanan travmaların çözülməsi mütləq şərtdir. Məktəblərdə psixoloji xidmətin yararlı olması bir qədər inandırıcı deyil. Hətta bir çoxunda bu xidmət yoxdur. Bütün mənəvi dəyərləri tapdalayan, sərhədləri aşan gəncliyin yetişməsi gələcək cəmiyyət üçün real təhlükədir.
Tədris və təhsil tək BSQ-KSQ həyəcanı yaşadan deyil, eyni zamanda, sağlam düşüncəli vətəndaş yetişdirən, onun məsuliyyətini dərk edən bir sistemdir. Ümid edirik, bu, aidiyyəti qurum və şəxsləri də düşündürür və narahat edir.