Dünya miqyasında tanınan azərbaycanlı cərrah-alim, Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi Cavad Heyətin vəfatından 8 il ötür.
Müxtəlif ölkələrin reytinqli ali məktəblərinin fəxri doktoru, "İki Azərbaycanın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınan Cavad Heyət Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdəndir. Onun türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olub.
Dostu Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyan Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur.
O, ikisi fars və beşi türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir, eyni zamanda türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqalə yazıb.
1925-ci il mayın 24-də Təbrizdə anadan olan Cavad Heyət 2014-cü ilin avqustun 12-də Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Yüksəliş Partiyası böyük alim və türkoloqu anım günündə sevgi və sayğı ilə yad edir.