Tanınmış incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızı Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin müşaviri təyin edilib.
Məleykə Alı qızı Məmmədova Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə Cəbrayıl rayon Mədəniyyət evinin, həmçinin A.M.Şərifzadə adına Aktyor evinin (Bakı şəhəri) bədii rəhbəri vəzifələrində çalışıb.
Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müxtəlif vəzifələrdə, eləcə də dosent, kafedra müdiri kimi fəaliyyət göstərib. Fakültə Elmi Şurasının katibi olub.
Məleykə Alıqızı AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb. Namizədlik dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə “fəlsəfə doktoru” elmi dərəcəsini alıb. Hazırda doktorluq dissertasiyası üzərində işləyir. İki monoqrafiya, dərs vəsaiti, metodiki vəsaitləri və bir neçə proqramın müəllifidir. Dövrü mətbuatda elmi-publisist yazıları ilə çıxışlar edir.
O, tələbəlik illərindən bu günə kimi müntəzəm olaraq bədii qiraət ustası kimi televiziya efirlərində, dövlət əhəmiyyətli mədəni-kütləvi tədbirlərdə çıxışlar edib. Azərbaycan televiziyasında silsilə xarakterli ədəbi-bədii verilişilərin, bir neçə poeziya tamaşalarının, qısametajlı bədii filmlərin, sənədli televiziya flmlərinin iştirakçısı olub.
Müdafiə Nazirliyinin xətti ilə uzun illər cəbhə bölgələrində olan, əsgərlərin qarşısında çıxışlar edən Məleykə Alı qızı, Amerikadan yayımlanan Gün.Az.tv-də “Şeirin səması” və “Vətən desin!” adlı müəllif proqramlarının aparıcısı olub.
O, həmçinin qardaş ölkə Türkiyə səhnəsində yer alıb, bir neçə festival və yubiley tədbirlərinə qatılıb. TUDEV-in, DAK-ın, o cümlədən Türk Dünyası Qadınlarının dostluq və dayanışma qurultaylarının nümayəndəsi seçilib.
Məleykə Alıqızı, BAB-ın və TXİ-nın üzvü, “Mikayıl Müşfiq” mükafatçısıdır.