Bu gün Azərbaycan televiziya sənəti, ümumilikdə mədəniyyətində xüsusi xidmətləri olmuş əməkdar incəsənət xadimi, rejissor, professor Tariyel Vəliyevin anım günüdür.
Tariyel Təyyar oğlu Vəliyev 24 fevral 1944-cü ildə anadan olub, ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Sankt-Peterburqdakı Teatr Akademiyasında alıb. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru kimi işə başlayıb, 1972-ci ildən ömrünün sonunadək televiziya rejissoru kimi fəaliyyət göstərib.
T.Vəliyev çalışdığı bu illər ərzində bir çox sevilən teletamaşaların, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru, yaradıcısı olub.
Müəyyən bir nəsil tamaşaçılarının yaddaşından silinməyən Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissoru olub. Eyni zamanda, illərlə rəğbət qazanan bir sıra teletamaşaların da müəllifi məhz sevilən sənətkar Tariyel Vəliyevdir.
"Pəncərədə işıq", "Sən həmişə mənimləsən", "Mehmanxana sahibəsi", "Evləri köndələn yar", "Göz həkimi", "Ötən ilin son gecəsi", "Yaşıl eynəkli adam -1" və daha neçə tamaşa onun adı və sənəti ilə bağlıdır.
Ustad sənətkar eyni zamanda uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, ADMİU-nun "Televiziya rejissoru" kafedrasının müdiri və professor kimi də fəaliyyət göstərərək gənc rejissor məktəbinin yetişməsində müstəsna xidmətləri olub.
Televiziya məkanında öz dəsti-xətti olan rejissor Tariyel Vəliyev 24 aprel 2012-ci ildə dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası peşəkar rejissor Tariyel Vəliyevin xatirəsini sayğı ilə yad edir.