Tovuz döyüşlərinin iki ili tamam olur.
2020-ci ilin iyulunda Tovuzun Ağdam kəndindəki Qaraqaya yüksəkliyi ətrafında başlayan döyüşlər ölkəmizdə vətənpərvərlik ruhunun yüksəlməsində, milli-mənəvi dəyərlərin oyanmasında əhəmiyyətli rol oynadı. Bu döyüşlərdə Azərbaycan Ordusunun rəşadəti və gücü, xalqın ayağa qalxması, onun öz əsgərinə inamı və dəstəyi, sonradan II Qarabağ savaşının qabiliyyətlə başa çatmasına gətirib çıxardı.
Bütün dünyada diqqətlə izlənilən və böyük səs-küy doğuran Tovuz hadisələrində 12 qəhrəmanımız şəhid oldu:
General-mayor Polad İsrayıl oğlu Həşimov
Polkovnik İlqar Anzor oğlu Mirzəyev
Mayor Anar Gülverdi oğlu Novruzov
Mayor Namiq Hajan oğlu Əhmədov
Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov
Çavuş Vüqar Lətif oğlu Sadıqov
Gizir İlqar Ayaz oğlu Zeynallı
Gizir Yaşar Vasif oğlu Babayev
Baş əsgər Elşad Dönməz oğlu Məmmədov
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov
Əsgər Elçin Arif oğlu Mustafazadə
Əsgər Nazim Əfqan oğlu İsmayılov.
Başda Milli Qəhrəman, general Polad Həşimov olmaqla canını doğma Vətənin azadlığı uğrunda qurban verən müqəddəs Şəhidlərin qanı yerdə qalmadı. Onların qəhrəmanlığı və şücaəti xalqımızı ayağa qaldırmaqla yanaşı, Vətən müharibəsinin başlanmasına səbəb oldu. Nəticədə Ermənistan ordusu Qarabağda və ətraf bölgələrdə darmadağın edildi.
Azərbaycan Yüksəliş Partiyası Tovuz hadisələrinin çağdaş tariximizdə əhəmiyyətini və yerini xüsusi qeyd etməklə yanaşı, müqəddəs Şəhidlərin parlaq xatirəsini sayğıyla anır, onların ruhu qarşısında böyük ehtiramla baş əyir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!