Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə
görüşü ilə əlaqədar bildirdiyim münasibətdən dolayı mənə bir sıra izləyicilər suallar ünvanlayıb.
Sualların əsas məğzi budur ki, bu dövlətlərin başında duran şəxslər Turanı qura bilməzlər. Hətta "talan edərlər" deyə etiraz edənlər var.
Cavabım:
Birincisi, sizin məntiqinizlə hər hansı Türk dövlətinin korrupsiya və rüşvətə bulaşmış başçısı Turan olmadan da dövlətini talan etmirmi?
İkincisi, Turanın qurulmasını labüd edən zamandır. Yəni, bu dövlətlərdə dövlət başçısının dəyişməsi Turana gedən yolları qapatmayacaq.
Bu səbəbdən də həmin dövlətlərin vətəndaşları öz ölkələrində demokratik sistem qurmaq niyyətindədirlərsə, bunun Turana nə dəxli?
Turan regionda etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir. Ora daxil olan dövlətlərin demokratikləşmə prosesi həmin ölkələrin daxili işidir.
Məsələləri qarışdırmayın.
Və nəhayət, Turan bir qrup fanatik türkçünün ortaya atdığı romantik ideya deyil. Əksinə, kapitalizimin labüd etdiyi birləşib güc olmaq və ya indiki məşhur ifadə ilə desək, "Biz birlikdə güclüyük" praktik ideyasından doğan vacib nəticədir.
Buna gülən, romantizm qalığı kimi baxanlar isə siyasi prosesləri bilməyən
kəslərdi.
Bir məsələyə isə xüsusi diqqət edək: Bu gün Turanın yaranmasında iştirak edən siyasi liderlərin heç biri milliyyətçi cinahın nümayəndəsi deyil.
Yəni, xanımlar və cənablar! Turan artıq bir ideologiya deyil, bunu qəbul edin.
Necə ki, millətçi cinahda olmayanlar bu gün TURANI qururlar.
Anar Əsədli
AY Partiya Başqanı