"Aşqabad Zirvəsinin arxasınca Türkiyənin məşhur “Baykar Teknoloji"nin mühəndisi Tarık Keseci və onunla birlikdə gənc qardaşlarımız Muratcan Kaya, Kaan Talip Tığlı və Yusuf Taha Göktaşın dəhşətli yol qəzasında həlak olduqları barədə xəbər aldıq. Bu gün isə Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb".
Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
O xatırladıb ki, qəza nəticəsində yüksək rütbəli 14 zabitimiz həlak olub, xəsarət alanlar var.
"Qəza noyabr ayında baş verir, hansı ki, 30 il öncə bu ayda, nə qədər qəribə səslənsə də "Qarakənd" adlanan ərazidə vertolyot qəzası yaşamışdıq. İndi isə "Qaraheybət"də...
Adlar təsadüfdürmü? Və harda baş verir? Xızıda - Şimal bölgəsində... Detalların araşdırılması hələ tez olsa da, bugünkü vertolyot qəzasında təbii olaraq yaşananlardan dolayı şübhə və ehtimallar yaranır.
Aşqabad görüşündə əldə olunan uğurların geosiyasi əhəmiyyəti çox böyükdür. Azərbaycan və Türkiyə dünyanın güc mərkəzlərinin fokuslandığı, əksəriyyəti KTMT üzvü olan Mərkəzi Asiyada dayaqlarını gücləndirir. Bu gün iqtisadi sferada təmin edilən avantajlar gələcəkdə bütün sahələrdə əməkdaşlığın genişlənməsinə və Avropa ailəsi nümunəsində bir çətirin yaranmasına gətirib çıxara bilər. Bu çətirin qorunması üçün isə hərbi ittifaq mütləqdir. Hər nə qədər bu birliyi mədəni-iqtisadi inteqrasiya modeli adlandırsaq da, “çomağı” əldən qoymaq olmaz.
Aşqabad zirvəsi regionda Rusiyanın dominantlığına qarşı sipər olacaq Türk Dövlətləri Təşkilatının hərbi sahədə əməkdaşlığına təkan verməlidir. Türk Dünyası olaraq artıq Türk Dövlətləri Təşkilatının hərbi ittifaqı haqda sazişi bağlanmalıdı. Bu Hərbi ittifaq vacibdir və labüddür. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa, türk dünyasına daim birlik arzu edirəm"' - AY Partiya Başqanı əlavə edib.