Birləşmiş Millətlər Təşkilatında (BMT) qırmızı Çin rejiminin uyğur türklərinin yaşadığı tarixi Şərqi Türküstanda (Doğu Türküstan) həyata keçirdiyi soyqırımı siyasətinə etiraz olaraq sənəd təqdim olunub. Səsvermə zamanı 43 ölkə tərəfindən dəstəklənən etiraz sənədinin qəbuluna qarşı 46 ölkə çıxış edib.
Azərbaycan Yüksəliş Partiyası Başqanının İnsan haqları və QHT üzrə müavini Gülşən Məmmədoğlu qeyd edib ki, çox təəssüf ki, sənədin qəbul edilməsinə qarşı çıxanların əksəriyyəti müsəlman ölkələridir.
G.Məmmədoğlu bildirib ki, siyahıya diqqət yetirdikdə bir sıra ölkələrin Çinə verdikləri bu dəstəklə əslində öz imperialist maraqlarından çıxış etdiyini görürük. Bu baxımdan işğal və ilhaq üzərində bərqərar olmuş, ərazisinin və əhalisinin böyük hissəsi və çoxluğu türk yurdlarından və xalqlarından ibarət olan Rusiyanı və İranı başa düşmək o qədər də çətin deyil.
Probleminin kökünə toxunan G.Məmmədoğlu qeyd edib ki, uyğur türklərinin yaşadıqları Şərqi Türküstan ərazisi 1759-cu ildən etibarən Çin-Mancur imperiyasının hakimiyyətinə daxil edildikdən sonra assimilyasiyaya məruz qalmağa başlayıb. 1940-cı illərdə qısa bir müddət ərzində müstəqillik dövrünü yaşayan uyğur türkləri 1949-cu ildə kommunistlərin hakimiyyətə gəlişindən sonra yenidən Çinin əsarətinə düşüb. Bu müddət ərzində uyğur türkləri 1950, 1953, 1958, 1962, 1965 və 1968-ci illərdə dəfələrlə azadlıqları üçün mübarizəyə qalxıb ancaq bu etirazlar qanlı şəkildə yatırılıb.
"Hazırda uzun müddətdir, aparılan etnik təmizləmə, soyqırımı nəticəsində Şərqi Türküstanda uyğurların sayı kəskin şəkildə azalmağa doğru gedir, çinlilərin sayı isə 41-ə çatıb. Ümumi əhalisi 22 milyon olan vilayətin təxminən 45 faizini uyğur türkləri təşkil edir. 2003-cü ildən bu yana isə Çin höküməti uyğurları başqa regionlara köçürərək assimilyasiya siyasətini daha da sürətləndirib.
2018-ci ilin avqust ayında BMT-nin insan haqları paneli "etibarlı hesabatlara" istinad edərək bildirib ki, 1 milyondan çox insan Şərqi Türkistanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır və bu, Çin hakimiyyətinin bölgəni "böyük gizli əsir düşərgəsinə" çevirdiyini düşünməyə əsas verir. Peyk görüntüləri Şərqi Türküstan çöllərində yüz minlərlə uyğur türkünün ağır işgəncələr altında saxlandığı, məhv edildiyi əsir düşərgələrinin son bir ildə 3 dəfə artdığını ortaya qoyur.
Qeyd edək ki, islam və türk dövlətləri içərisində yalnız Türkiyə ciddi şəkildə baş verənləri tənqid edib və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu qətliam olaraq qiymətləndirib. Bu kontekstdə çox təəssüflə qeyd etməliyəm ki, Çinin qonşu olduğu Orta Asiyanın qardaş türk dövlətləri imzaladığı müqavilələr nəticəsində ordan qaçan uyğurları geri qaytarır. Digər tərəfdən Şanxay Əməkdaşlıq Təşkilatı sayəsində Çin uyğur probleminə qarşı sərhəd məsələsinin həll etməyə və təzyiq siyasətini artırmağa müvəffəq olub. Şərqi Türküstan Çin üçün Avropaya açılan qapı deməkdir. Bu mənada Çin, Şərqi Türküstanda ehtimal olunan güclü etirazların domino təsiri ilə digər regionlara da yayılacağından çəkinərək ən xırda etirazı belə qanlı şəkildə yatırtmağa davam edir.
Hesab edirik ki, Türk dövlətləri, bu ölkələrin siyasi partiyaları, qeyri-hökumət təşkilatları, araşdırma mərkəzləri bu məsələdə nəzərəçarpan dərəcədə həssasiyyət göstərməli, uyğur türklərinin haqlarının qorunmasında həmrəylik nümayiş etdirərək Çinin assilmasiya və soyqırım siyasətinə qarşı birgə mövqe qoymalıdırlar. Ümid edirik ki, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Türk Dövlətləri Təşkilatı Türkiyənin liderliyi ilə irəliləyən zamanda buna xüsusi münasibət sərgiləyəcək və BMT-nin iclaslarında problemin müsbət həllinə çalışacaq. Əgər belə olsa, siyahıda əks olunan 46 ölkənin içində Türkiyə ilə strateji əlaqələrə malik olan bir çox müsəlman ölkəsi, o cümlədən Pakistan da həmrəylik göstərə bilər, – deyə AY Partiya Başqanının müavini vurğulayıb.