Dəyişən geosiyasi və geoiqtisadi reallıqlarda türk dövlətləri arasında inteqrasiya işi elə qurulmalıdır ki, xeyir Ulusa qalsın
“Dünyada çox az ölkələr tapılar ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, doğma olsun. "Bir millət, iki dövlət” kimi qiymətləndirdiyimiz bu münasibət təkcə kökümüzdən, soyumuzdan, dil və dinimizdən irəli gəlmir, həm də məram və məqsədlərimizin saflığından, dünyada, xüsusən ətrafımızda baş verən qlobal hadisələrə münasibətlərimizin üst-üstə düşməsindən və bir də, bu gün çoxdan tapdalanmış beynəlxalq hüquq və ədalət hissinə birlikdə sahib çıxmağımızdan irəli gəlir”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının İqtisadi məsələlər üzrə müavini Rəşad Bakuvi deyib.
O bildirib ki, bu gün istər regional, istərsə də qlobal miqyasda güc mərkəzi olan Türkiyə ilə ölkəmiz arasında elə məsələ, elə sahə yoxdur ki, bir-birinə dəstək verməsin.
“Bu qarşılıqlı dəstək həm də iqtisadi sahədə özünü göstərir. Türkiyə və Azərbaycan öz gələcək iş birliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmək işini davamlı prosesə çevirməlidir.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard dollara yaxındır və bu həcmin 15 milyard dollara çatdırılması hədəfinə nail olmaq üçün prosesləri sadələşdirən və sürətləndirən əməkdaşlıq formatlarına nail olmaq çox vacibdir”, - deyə o əlavə edib.
Rəşad Bakuvi bildirib ki, bu gün imzalanmış sənədlər, o cümlədən əvvəlki dövrdə əldə olunmuş preferensial ticarət anlaşmasına dair digər razılaşmalar, ölkələrarası dövriyyənin artmasına böyük təkan verəcək: “Təsadüfi deyil ki, Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və onlar 300-dən çox layihədə 16 milyard dollarlıq layihə icra edirlər.
Həmçinin kiçik bir respublika olan Azərbaycanın Türkiyə iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırması iki ölkə arasında qardaşlığı təsdiqləyən fakt kimi xüsusi dəyərləndirilməlidir.
AY Partiya Başqanı Anar Əsədlinin müxtəlif platformalarda vurğuladığı kimi, gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlıq dərinləşməlidir. Xüsusilə, müasir dövrün inkişaf trendinə çevrilən rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanları araşdırılmalı, bu istiqamətdə də inteqrasiya imkanları dəyərləndirilməlidir.
Türkiyənin enerji təhlükəsizliyinin təminatında rolu olan Azərbaycan son illər bu istiqamətdə də nəhəng layihələr icra edib. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli TANAP layihəsi Türkiyə və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. Ən son Şərq Tərəfdaşlığı üzrə Brüssel görüşündə də dövlət başçısı bu məsələni xüsusi vurğuladı. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edən qazı Avropaya çatdıran TANAP yeni layihədir və Türkiyəyə ilk qaz 2018-ci ildə çatdırılıb. Buna baxmayaraq, mərhələli şəkildə nəqlin əvvəlcə 24 milyard, sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, iki ölkə hökumətləri tərəfindən aparılan iqtisadi siyasət Azərbaycan və Türkiyənin iqtisadi inkişafına birbaşa təsir göstərən amilə çevrilib. Türkiyə və Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi və bu kəmər vasitəsilə dünya bazarlarına ixrac edilən neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanın öz makroiqtisadi dayanıqlığını müəyyən mənada gücləndirdiyini, əhalinin gəlirlərində qismən artıma nail olduğunu qeyd etməmək haqsızlıq olar. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəticəsində hər iki ölkə arasında xarici ticarət əlaqələrinin daha da genişləndiyini vurğulayaq. Bu dəmiryolu xətti ilə nəinki iki ölkə arasındakı iqtisadi əlaqələr güclənmiş, həmçinin Azərbaycanın Çin və Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə vasitəsilə dünya bazarlarına tranzitində əhəmiyyətli rol oynamaqdadır. Xüsusilə ötən il 44 günlük savaşdan sonra milli sərhədlərinə çıxan Azərbaycanın açılışına nail olmağa çalışdığı Zəngəzur Dəhlizi Türk dünyasını birləşdirən geosiyasi faktor olmaqla yanaşı, Asiya ilə Avropa arasındakı qlobal həcmlərdə yükdaşımalarının keçəcəyi Orta Dəhliz kimi önəmi böyükdür. Bu qlobal və regional əhəmiyyəti olan layihələr Azərbaycana və Türkiyəyə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.
Bizim başqa bir təklifimiz budur ki, Türkiyə və Azərbaycan ixracatçılarının fəaliyyətini şaxələndirmək və genişləndirmək üçün iki ölkə arasında azad ticarət sazişinin imzalanması və orada biznes subyektlərinin müəyyən xərclərdən azad olunmasına nail olmaq lazımdır. MDB ölkələri, xüsusilə Rusiya Federasiyası ilə analoji saziş var və oxşar sazişin Türkiyə ilə də bağlanması zəruridir. Təsadüfi deyil ki, Rusiya Federasiyasına və əks tərəfə məhsul ixrac edən sahibkarlar azad ticarət sazişinin üstünlüklərindən gen-bol istifadə edirlər. Son illərdə Azərbaycandan qardaş ölkəyə 3 milyard dollara yaxın mal ixracı da göstərir ki, Türkiyənin bazarlarında bizim məhsullar üçün unikal imkanlar mövcuddur.
Bu gün istər siyasi, istərsə də iqtisadi planda dünyada böyük güc mərkəzlərinin mövqeyində dəqiqləşmələr baş verməkdədir. Bu geosiyasi və geoiqtisadi dəyişim fonunda Türk Dövlətləri Təşkilatında birləşən respublikalar öz uzunmüddətli strateji mövqelərini müəyyənləşdirməlidirlər. Elə ona görə də, həyatın bütün sahələri üzrə inteqrasiyanın və birgə tərəqqinin faydalı optimal həll yollarını tapmalıdırlar ki, yaradılacaq maddi dəyərlər, bütün xalqları rifaha götürəcək iqtisadi və siyasi dividentlər, xeyir sonda ULUSA qalsın. Unutmayaq ki, Türkiyə ilə əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün həm də milli və strateji əhəmiyyət daşıyır və dövlətlərin mənbəyi olan hər iki xalq bundan məmnundur”.
Qeyd edək ki, bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində 6 sənəd imzalanıb.