ABŞ Prezidenti Co Baydenin Amerika tarixində ilk dəfə olaraq 1915-ci il hadisələrini rəsmi olaraq "Erməni Soyqırımı" kimi tanıması şaşqın bir mənzərə yaradıb.
Baydendən əvvəl ABŞ prezidentləri 24 aprel 1915 hadisələri üçün "erməni soyqırımı" əvəzinə "fəlakət" və ya "tarixin qaranlıq dövrü" kimi ifadələr işlədiblər.
"Erməni soyqırımını" rəsmən tanıyan ölkələrin sayı 31 olsa da "Erməni soyqırımı" ilə bağlı məhkəmə iddiası qaldırmağın mümkün olmamasının ən vacib səbəblərindən biri Amerika hökumətinin bu istiqamətdə qərar verməməsi idi. Bu arada onuda qeyd edim ki, Amerika prezidentinin bu çıxışı məhkəmələrdəki iddiaların qısa müddətdə bitəcəyi anlamına gəlməz. Onlara görə, mülki işlərin illər çəkə biləcəyi və bəlkə də bu prosesin başladacağı qaydalar var, amma onsuz da Türkiyənin məhkəmə proseslərinə çox zaman itirəcəyi aydındı.
Bütün hallarda isə Amerikanın 1915-ci il hadisələrini soyqırımı kimi xarakterizə etməsi son dərəcə səhv, haqsız və qanunsuzdur. İtirən yalnız Amerika tərəfi olacaq.
Bizim regionda isə tarazlıq Rusiyanın xeyrinə dəyişə bilər.
Hadisələrin gedişatı Türkiyənin yeni müttəfiqlərlə əlaqələrini gücləndirəcək. Perspektivdə İncirlik hərbi bazasının bağlanacağı və Türkiyənin NATO blokundan çıxacağı da gözlənilir. Bu proses Türk Birliyinin də qüdrətlənməsinə və tək çarənin Turan olduğuna inamı artırır. Orta və Şərqi Asiya ölkələri də həm iqtisadi, həm hərbi əməkdaşlığı gücləndirəcək.
Türkiyəni nüfuzdan salmaq cəhdləri ABŞ üçün həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə geriləmə ilə nəticələnəcək. NATO baxımından Türkiyə kimi döyüşkən orduya malik üzvü itirmək yaxın perspektivdə yaxşı heç nə vəd etmir. Qısacası, Amerika prezidentinin bu açıqlaması çox da qorxulu deyil...
Saatın əqrəbləri bizim xeyrimizə işləyir...