Türkiyənin 8-ci Prezidenti, sabiq Baş naziri, dövlət adamı Turqut Özalın anım günüdür.
Xəlil Halil Turqut Özal 1927-ci il oktyabrın 13-də anadan olub, orta təhsilini Türkiyədə, ali təhsilini Türkiyə və ABŞ-da alıb.
1977-ci ildə siyasətə qoşulan Özal müxtəlif partiyalarda qısamüddətli fəaliyyət göstərib, 1983-cü ildə Ana Vətən Partiyasını (ANAP) qurub. ANAP qurulduğu il Türkiyədə keçirilən parlament seçkilərində 400 yerlik deputat yerinin 211-ni qazanaraq, təkbaşına iqtidar, Turqut Özal isə Baş nazir olub. Baş nazir olduğu müddətdə Türkiyə iqtisadiyyatının inkişafı üçün xeyli işlər görüb, bir sıra yeniliklərə imza atıb.
O, “Biz çocukları severiz. Biz gençleri severiz. Biz insanı severiz. İnsandan daha mübarek, ne bir mahlûk, ne bir kurum, ne de bir doktrin vardır”, - deyərək, hər çıxışında insanın ən dəyərli varlıq olduğunu vurğulayıb.
Sovet İttifaqının dağıldığı, Türk Cümhuriyyətlərinin yeni qurulmağa başladığı dönəmdə - 1989-cu ildə Prezidenti seçilən Özal tarixdə Türkiyənin bu cümhuriyyətlərə dəstək verən, Türk Dünyası Birliyi üçün böyük səylər göstərən ilk dövlət başçısı kimi qalıb.
O, 1993-cü il aprelin 17-də, Türk Cümhuriyyətlərinə səfərdən sonra vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası Turqut Özalı anım günündə sayğı ilə yad edir.