Türk dünyasında, ümumən Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinindən qalmış ən uca dəyərlərdən biri də Üçrəngli Ay-ulduzlu Milli Bayrağımızdır.
Böyük Məhəmməd Əmin Rəsulzadənin söylədiyi kimi, "Yoxdan bir bayraq" ucaltmış Qurucu babalarımızın bizlərə Əmanət qoyduğu Uca Bayrağımız 100 ildən çoxdur ki, vətən və millət sevdalı hər bir soydaşımızın qibləsi və səcdəgahıdır. Nəhəng düşüncə adamı və mütəfəkkir Əli bəy Hüseynzadə tərəfindən ortaya qoyulmuş bu müqəddəs Bayraq idealı sonunadək hər bir Azərbaycanlının qürur mənbəyi, güvənc yeridir.
1918-ci ilin noyabr ayının 9-da AXC Parlamentində qəbul olunan Milli Bayrağımız haqqında ölməz Üzeyir bəy Hacıbəyli 1 il sonra yazırdı: “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur."
70 il sovet-rus istilasında inləyəndə belə Milli Bayrağımız azadlıqsevər hürr insanların ürəyinin başında gəzmiş, öz millətçi baxışlarını bu Uca bayrağa bağlamışdılar. Ötən əsrin 80-ci illərinin sonundan başlayan milli-azadlıq hərəkatının simvolu da Milli Bayrağımız idi. 2020-ci ilin payızında başlamış və Azərbaycan Ordusunun qabiliyyəti ilə başa çatan 44 günlük Vətən savaşının ən böyük uğurlarından biri də azad olunmuş torpaqlarımızda müqəddəs bayrağımızın dalğalanması oldu. Bu bayraq həm də Azərbaycanın bütövlüyünün və böyüklüyünün rəmzi kimi dünya Azərbaycanlılarının sitayiş yeridir.
Azərbaycan Yüksəliş Partiyası Milli Bayraq günü münasibətilə xalqımızı təbrik edir, Müqəddəs Bayrağımızın daima ucalarda dalğalanmasını arzulayır.