Görkəmli düşüncə adamı, şair, yazıçı, publisist və dövlət adamı, “Türkçülüyün Əsasları” əsərinin müəllifi Ziya Göyalpın doğum günüdür.
1876-cı il martin 23-də qədim Türk yurdu Diyarbəkirdə dünyaya göz açan Göyalp ilk və orta təhsilini orada alıb, gənc yaşlarından ictimai-siyasi proseslərdə iştrak edib. Gizli təşkilat qurmaq, icazəsiz toplantılarda iştirak etmək, qadağan olunmuş ədəbiyyat oxumaq kimi ittihamlarla bir müddət məhbus həyatı yaşayıb.
Buna baxmayaraq, yaradıcılığının və fəaliyyətinin davam etməsi üçün yolundan dönməyib.
Yaradıcılığının ilk illəri əsasən, ədəbiyyat sahəsində olub. Bu illər ərzində müxtəlif dərgilərdə şeirləi və məqalələri dərc edilib. 1914-cü ildə nəşr etdirdiyi kitabının adı “Qızıl Alma”, kitabın ilk şeirinin adı isə “Turan” idi.
Göyalp sosiologiya və ideologiya sahəsində 1918-ci ildə qələmə aldığı “Türkləşmək. İslamlaşmaq, Müasirləşmək” əsəri ilə tanınır.
Türkçü və milliyyətçi fikirlərindən dolayı 1919-cu ildə işğal qüvvələri tərəfindən Malta adasına sürgünə göndərilir, 1921-ci ildə geri qayıdır və fəaliyyətinə eyni şövqlə davam edir. Bu fəaliyyətinin ən uca zirvəsi 1923-cü ildə yazdığı “Türkçülüyün Əsasları” kitabıdır. Bu əsərdən dolayı Ziya Göyalpa “Türkçülüyün fikir atası” deyənlər də var.
“Vətən nə Türkiyədir Türklərə, nə Türküstan,
Vətən, böyük və müəbbət bir ölkədir: TURAN!”, - deyən böyük fikir adamı 25 oktyabr 1924-cü ildə İstanbulda vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası Ziya Göyalpın əziz xatirəsini ehtiramla yad edir.