Artan qiymətlər fonunda gəlirləri sürətlə azalan, kasıblaşan əhaliyə, köməksiz qalan müharibə qazilərinə, veteranlarına dünyanın ən hündür bayraq dirəyi lazımdırmı?
Neftin qiyməti 100 ABŞ dollarını haqlayan kimi dünyanın ən hündür bayrağını sancmaq eyforiyasına düşdülər, ac-yalavac camaatın kövrək qəlbini belə ələ almağa, daha doğrusu, milyonlar "silməyə" həvəsləndilər yenə.
Bu xəbəri oxuyanda, əlbəttə, qürurlanmaya bilmirsən, ancaq soyuq başla düşünəndə öz-özünə deyirsən: indiki məqamda bu, bizə lazımdırmı? Nəzərə alaq ki, daha əvvəl də Bayraq meydanı layihəsinə və onun dirəyinə on milyonlar xərclənmişdi və nədənsə sonradan sökmək qərarına gəldilər. Hər işləri bu kökdədir. İndi o qədər vəsait, pul gərəkən sahə varkən, dünyanın ən hündür bayrağı bizə nə verəcək? Bayraq müqəddəsdir, bayraq qürur mənbəyimizdir. Onun uğrunda qanlar tökülüb, canlar qurban gedib, bayraq qəlbimizdə ən böyük sevgimizdir!
Fəqət bayraq ölkənin milyonlarını, daha çox ehtiyac, zərurət olan sahələr qala-qala, bir bayraq dirəyinə xərcləmək üçün səbəb və ya bəhanə olmamalıdır.
44 günlük savaşdan yenicə çıxmışıq, müharibə gerisində kifayət qədər ciddi problemlər, məhrumiyyətlər buraxıb və onun yaratdığı humanitar böhranın nəticələrini saydıqca bitməz, o sıxıntılar ki, həlli ancaq pulla mümkündür. Belə bir vəziyyətdə neftdən, qazdan gələn gəlirləri səmərəsiz, yeni dəyər yaratmayan, Azərbaycanın qeyri-şəffaf idarəetmə reallıqlarında yeyinti olduğu şübhə doğurmayan layihələrə xərcləmək nə dərəcədə doğrudur? Niyə bunu edirlər?! Son 25 ildə başına gətirilməyən qalmasa da, yenə qüruruna, şərəfinə sığınıb Vətən uğrunda aparılan savaşda ən son qəpiyindən keçməklə hökumətin yanında dayanan xalq bu münasibətə layiqdirmi?
Ölkə əhalisinin sürətlə artan bazar qiymətləri, inflyasiya fonunda pul gəlirləri azalmaqda, ölkə əhalisi sürətlə kasıblaşmaqda və yoxsullaşmaqda davam edir. Bunun qarşılığında mövcud olan iqtisadi model, idarəetmə şəkli artıq heç bir effekt vermir. Ekranlardan sizə təqdim olunan inkişaf, artım rəqəmlərinə qətiyyən güvənməyin, çünki nə boyda saxta olduğu barədə biz iqtisadçılar, iş adamları xəbərdarıq. Heç uzağa getməyək, siz özünüz cibinizin, soyuducunuzun boşluğundan buna tam əminsiniz.
Milyonlarla insanı dövlət büdcəsinə bağlayıb, onu da qırım-qırıntıya möhtac etmək iş, böyük fərasət deyil! Pensiyalara əlavə olunan çox cüzi məbləğ və ildə bir dəfə nəzərdə tutulan 200 manatlıq "şirinlik" bu problemi aradan qaldıracaq gücdə deyil. Azərbaycan böyük sayda gənc insanların yaşadığı bir ölkədir və bu gənclik arasında sosial baxımdan dibə vuran, ehtiyac içində çarəsiz buraxılan böyük çoxluq sabahdan naümid, nagüman yaşayır və nə olacağını kəsdirə bilmir. Gənclər arasında narazılıq getdikcə daha çox hiss olunmağa başlayıb. Onlar sovet adamları kimi əllərində olan-qalana tutunaraq yaşaya bilmirlər.
Belə bir məqamda milyonları bir bayraq dirəyinə xərcləyib, dünyanın ən hündür bayrağını sancmaq vətəndaşın qarnını doydurmayacaq, sıxıntılarını azaltmayacaq, soyuducusunu doldurmayacaq, əyin-başını düzəltməyəcək, xəstəsinə dava-dərman olmayacaq, onu ağ günə çıxarmayacaq.
Vətəndaş bayraq dirəyi yemir, uşağının ac qarnı onunla tox olmur!
Məsələ heç təkcə bayraq dirəyi də deyil, bu hökumətdə oxşar səmərəsiz, lazımsız sahələrə pul dağıtmaq vərdişi çoxdur, hansı ki, gözümüzü yağır edir, ömrümüzü yeyib-bitirir. Vətəndaşa belini dikəltmək üçün yeni nəfəslik lazımdır, yeni dövlət yanaşması, yeni idarəetmə modelləri, yeni sistem lazımdır ki, həm özünü inkişaf etdirməyə, həm iş yerləri qurmağa, həm vergi ödəyicisi sinfinə çevrilməyə, həm də dövlətə yeni dəyərlər yaratmağa, fayda verməyə fürsətlər əldə etsin. Neftin-qazın pulunu sağa-sola sovurub, üç-beş quruşla aldadacağınız vətəndaş yoxdur daha qarşınızda! Müasir texnologiyalar dövrünün formalaşdırdığı hər şeydən xəbərdar YENİ GƏNC NƏSİLLƏR yetişib son 35 ildə ki, ən az sizin qədər yaxşı yaşamaq, ləyaqətlə yaşamaq, yaxşı geyinmək, yaxşı yemək, gəzmək, dolaşmaq, övladlarının, doğmalarının qarşısında utanmadan ayaqda durmaq istəyən böyük tələbkar kütlə var qarşınızda! Düşünmək üçün heç vaxt gec deyil...