Xəlil Rza Ulutürkün doğum günüdür
Azərbaycanın görkəmli ədəbiyyat adamı, Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür.
1932-ci il oktyabrın 21-də dünyaya gələn böyük şair orta təhsilini anadan olduğu Salyan rayonunda, ali təhsilini o vaxtkı Azərbaycan Dövlət Univesitetində alıb.
İlk şeirini 1948-ci ildə yazan Xəlil Rza bir müddət “Azərbaycan qadını” jurnalında işləyib, 1954-cü ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. 1957-59-cu illərdə Moskvada təhsilini davam etdirən gənc şair burada Nazim Hikmət və Mixail Şoloxovla görüşüb.
Azərbaycana qayıtdıqdan sonra Pedoqoji İnstitutun aspirantı və müəllimi olub. Xəlil Rza dərs keçdiyi auditoriyalarda qədim milli bəşəri dəyərlərimizdən, doğma dilimizdən ürək yanğısı ilə söhbət açıb, dilimizin əcnəbi dillərin təsirindən qorunmasının vacibliyini dilə gətirib. Əlbəttə, onun bu çıxışları hakim dairələrin xoşuna gələ bilməzdi. Bu səbəbdən onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır, Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. İllərlə təqib olunan, fəaliyyəti məhdudlaşdırılan Xəlil Rza 1980-ci illərin sonunda başlayan Milli Azadlıq hərəkatınına qoşularaq, aktiv siyasi-ictimai fəaliyyət göstərir. Onun mitinqlərdəki odlu-alovlu çıxışları, vətənpərvərlik ruhundakı şeirləri qısa zamanda dildən-dilə dolaşmağa başlayır.
1990-cı ilin 20 Yanvar soyqırımını törədənlərin adını açıq şəkildə dilə gətirməsindən, Qorbaçov və rus ordusunun qanlı cinayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmasından narahat olan SSRİ Dövlət Təhlükəsizlik Komitəsi onu həmin il yanvarın 26-da həbs edərək, məşhur Lefertovo həbsxanasına aparır. 8 ay orada saxlanılan, işgəncələrə məruz qalan Xəlil Rza zindanda da mübarizəsini davam etdirir, “Lefortovo gündəliyi” adı altında 200-dən çox poema, şeir, məktubu qələmə alır.
Xəlil Rzanın oğlu, Milli Qəhrəman Təbriz Xəlilbəyili Qarabağ savaşında şəhid olub.
1994-cü il iyunun 22-də vəfat edən şair Fəxri xiyabanda dəfn olunub.
Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.
Azərbaycan Yüksəliş Partiyası əzəmətli şairi ehtiramla yad edir, xatirəsini daim əziz tutacağını bildirir.