Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 96 il ötür.
Bəxtiyar Vahabzadə məmləkətin ağrı-acılarını, Vətənin dərdlərini öz şeirlərində yorulmadan və yüksək poetik vüsətlə dilə gətirən milli şair kimi şöhrət qazanıb. Hələ gənclik illərində qələmə aldığı məşhur "Gülüstan" poemasına görə böyük təzyiqlərlə üzləşən B. Vahabzadə, sonralar da tutduğu yoldan çəkinməyərək, öz poetik amalına sadiq qaldı və bir-birindən gözəl, həm də milli düşüncəni özündə əks etdirən unudulmaz şeirlər yazdı. Geniş yaradıcılıq diapazonuna malik olan şairin poeziyası öz rəngarəngliyi ilə seçilir. Ən müxtəlif mövzularda qələmini sınayan B. Vahabzadə dillər əzbəri olan onlarla şeirin müəllifidir. Saysız-hesabsız şeirlər, çox sayda poemalar müəllifi olan B. Vahabzadənin qələmindən çıxan dram əsərləri uzun illər Azərbaycan teatrlarında uğurla nümayiş etdirildi. Bədii yaradıcılığa Səməd Vurğunun xeyir-duasıyla qədəm qoyan Bəxtiyar Vahabzadə, öz böyük ustadının tədqiqatçısı kimi elmi işlər müdafiə etdi. Uzun illər ədəbiyyatşünas-alim və universitet müəllimi işlədi, filologiya elmləri doktoru, BDU-nun professoru və Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvü oldu.
Bəxtiyar Vahabzadənin söhbət gedəndə ilk olaraq onun milli düşüncənin oyanmasında gördüyü danılmaz işlər yada düşür. Keçən əsrin sonunda Azərbaycanda geniş vüsət tapan milli-azadlıq hərəkatının bərqərar olmasında B. Vahabzadə şəxsiyyətinin və yaradıcılığının da əhəmiyyətli təsiri danılmazdır.
Azərbaycan Yüksəliş Partiyası ölməz şair Bəxtiyar Vahabzadənin parlaq xatirəsini həmişə əziz tutur, böyük sayğısını bildirir.