Bu gün Azərbaycanın dünya elminə bəxş etdiyi böyük simalardan biri olan Xudu Məmmədovun anım günüdür.
Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində ali təhsil alıb.
SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasında elmi təcrübələr aparıb. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutununda çalışıb. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Böyük alım 1960-cı ildə yazdığı "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" adlı monoqrafiyasında silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib. Həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib. 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifi olan Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.
Geologiya-minerologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olan professor Xudu Məmmədov elmi nailiyyətlərinə görə dünya şöhrəti qazanıb. 30 yaşında Britaniya Kral Akademiyasının fəxri üzvü seçilib.
Xudu Məmmədov görkəmli alim olmaqla yanaşı, geniş ictimai fəaliyyəti ilə də seçilib. Azərbaycan Milli Azadlıq Qərargahının qurucularından biri olaraq hələ sovet dönəmində milli düşüncənin formalaşması, milli ruhun oyanması uğrunda fədakarlıqlar göstərib. 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edən Xudu Məmmədovun məzarı İkinci Fəxri Xiyabandadır.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti Milli Azadlıq hərəkatındakı xidmətlərinə görə Xudu Məmmədovu Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görüb.
Azərbaycan Yüksəliş Partiyası dünya şöhrətli alim, böyük vətəndaş Xudu Məmmədovun parlaq xatirəsini sayğı və sevgiylə yad edir.