Noyabrın 10-da "Yeni Müsavat" qəzetinin ilk sayının çap olunmasından 32 il ötür.
Tanınmış jurnalist və ictimai xadim Rauf Arifoğlu tərəfindən yaradılan "Yeni Müsavat" qəzeti ilk dəfə Azadlıq meydanında yayılıb. "Yeni Müsavat" artıq onilliklərdir ki, ölkəmizin nüfuzlu mətbuat orqanlarından biridir. İndiyədək 7859 nömrəsi işıq üzü görən qəzet Azərbaycanda demokratik cəmiyyətin formalaşması və müstəqil medianın yaranması yolunda mücadilə aparıb. Uzun illər müxalif dünyagörüşlü insanların əsas tribunalarından biri kimi, gündəlik nəşr olunaraq zamanında böyük populyarlıq qazanıb. Çağdaş jurnalistikada qələm çalan tanınmış imzaların bir çoxu bu qəzetdə püxtələşərək üzə çıxıb.
"Yeni Müsavat" Media Qrupu olaraq bu gün də bütün gücü ilə çalışaraq ölkə insanının ən müxtəlif informasiyalar əldə etməsi üçün fəaliyyətini davam etdirir.
Azərbaycan Yüksəliş Partiyası başda Rauf Arifoğlu olmaqla "Yeni Müsavat" qəzetinin hər bir üzvünü təbrik edir, yaradıcılıq uğurları və can sağlığı arzulayır.