Azərbaycanda daha bir siyasi partiya- Azərbaycan Yüksəliş Partiyası (AYP) dövlət qeydiyyatına alınıb.
Bəs partiyanın gələcək fəaliyyəti, hədəfləri nə olacaq?
Bu barədə partiyanın sədri Anar Əsədli Modern.az-a danışıb.
Onun sözlərinə görə, partiya qeydiyyata alındıqdan sonra hüquqi cəhətdən daha rahat fəaliyyət göstərə biləcək:
“Ötən ilin dekabrında təsis qurultayını keçirdiyimiz Azərbaycan Yüksəliş Partiyası nəhayət ki, qeydiyyata alındı. Bu müddətdə təbii ki, boş dayanmadıq. Siyasi partiya olaraq, onlarla tədbir keçirdik, Azərbaycanın bölgələrinə səfərlər etdik, yerli təşkilatların yaradılması istiqamətində xeyli iş gördük.
Bundan başqa, Türkiyə və Şimali Kipr Türk Respublikasına səfərlərimiz oldu. Orada ən yüksək səviyyədə dövlət başçısı, nazirlər, partiya başqanları, millət vəkilləri, mərkəz, vəqf rəhbərləri, universitet rektorları, böyük iş adamları ilə bir araya gəldik.
Yəni "qeydiyyata alınaq, sonra fəaliyyətə başlayaq" düşüncəsi ilə hərəkət etmədik. Artıq qeydiyyata alınmış bir partiya kimi hüquqi cəhətdən daha rahat fəaliyyət göstərə biləcəyik. Tədbirlərimiz, ziyarətlərimiz, ölkə daxili və xarici səfərlərimiz bundan sonra da davam edəcək”.