Bir müddətdir, Azərbaycan mətbuatında, sosial şəbəkələrdə “Sputnik” İnformasiya Agentliyi və onun erməni əsilli baş direktoru Marqarita Simonyan haqqında sərt təndiqi yazılara, statuslara rast gəlinir.
Bu tənqidlərə qatılmaqla, yazılan və deyilənlərin hətta az olduğunu da bildirmək istəyirəm. Həmin İnformasiya Agentliyi və onun erməni rəhbəri hər zaman Rusiyanın işğalçı siyasətinin əsas təbliğatçısı olub. Marqarita jurnalist kimi fəaliyyətə başladığı ilk vaxtlardan karyerini yalan, böhtan, qara piar üzərində qurub, bununla məşhurlaşıb. Onun fəaliyyətində bizim üçün maraqlı olan məsələ təbii ki, Azərbaycan torpaqlarının işğalı, Qarabağ savaşı ilə bağlı sərgilədiyi tərəfli mövqeyi olub. Bütün jurnalistliyi dövründə Qarabağ münaqişəsi haqqında yalan məlumatları tirajlayıb, özükimilərlə birlikdə təşkil etdiyi talk-şoularda Azərbaycan əleyhinə ağlasığmaz fikirlər səsləndirib.
Simonyanın Azərbaycan əleyhinə fəaliyyətini təkcə erməni kökənli olması ilə əlaqələndirmək sadəlöhvlük olardı. Marqarita bu məsələdə Rusiyanın mövqeyini ifadə edib, işğalçı Rusiyanın və birbaşa Putinin ruporu olub.
Xüsusilə, 44 günlük Vətən savaşında isə bütün əndazələri aşaraq, durmadan ölkəmizi aşağılayıb, millətimizi təhqir edib.
Əlbəttə onun “xidmət”ləri əvəzsiz qalmayıb, qısa müddətdə Rusiya kimi nəhəng ölkədə önəmli telekanalın rəhbərliyinə gətirilib, 2014-cü ildə isə “Sputnik”in baş direktoru təyin edilib.
Ortaya maraqlı suallar çıxır: Başında bir erməninin olduğu agentliyin Azərbaycan bölməsinin fəaliyyətini davam etdirməsinə nə ehtiyac vardı? Marqaritanın illərdir, hər yazısında, verilişində Azərbaycanı açıq-aşkar təhqir etməsinə niyə göz yumulub, iddiaları, iftiraları cavabsız qalıb?
Bu sualların cavabı çoxumuza məlumdur.
Onun sərsəmləmləmələrinə nəinki lazımi səviyyədə etiraz bildirilib, əksinə səsini çıxaranın səsi kəsilib. “Lazımi səviyyəyə” bu sualları versək, cavab mütləq “5-ci kolon”, Ramiz Mehdiyev, Əli Həsənovla bağlı olacaq.
Anladıq, deyək ki, bütün məsuliyyət adları sadalananların üzərinə düşür. İndi “Vur!” əmri ilə Marqaritanı “ifşa” edən media patronları, siyasi elitaya o zaman nə mane olurdu?
İndi isə başqa bir məsələyə gələk.
İllərdir, Azərbaycan mətbuatının tezislə idarə olunduğu heç kimə sirr deyil. Hətta vəziyyət o həddədir ki, siyasi demirəm, bir deputatın, hər hansı rayonda işləyən məmurun qanunsuz əməlləri, özbaşınalığı barədə material “icazə” olmadan yayımlanmır. Sosial problemləri gündəmə gətirmək belə “yuxarı”nın razılığı ilə mümkündür.
Yerli telekanalları dedi-qodu xarakterli, ucuz şou proqramları, savadsız, hay-küyçü aparıcılar “işğal” edib. Yazılı mətbuatın da telekanallardan ciddi fərqi yoxdur.
Bir vaxtla ictimai rəyin formalaşmasında, ciddi məsələlərin həllində böyük rolu olan yerli mətbuat inandırıcılığını, oxunaqlı, baxımlı olmaq imkanlarını itirib.
Az sayda olan müstəqil mətbuat orqanlarının, internet televiziyalarının isə fəaliyyətinə şərait yaradılmır, reklam alması yolları qapadılır.
Belə olan halda meydan xaricdən maliyyələşən media qurumlarına qalır. Həmin media qurumları ki, bizim ölkəmizdə maliyyə dəstəyi aldıqları dövlətlərin siyasətini yayır, təbliğatını aparır. Yerli mətbuatın fəaliyyətininin məhdudlaşdırılması dolayısı ilə həmin xarici dövlətlərin Azərbaycanda istəklərinə nail olmalarını asanlaşdırır, yollarını açır. Onlarla insan tanıyıram ki, hər hansı qanunsuzluq, məmur özbaşınalığı ilə üzləşdikdə yerli mətbuata müraciətdən imtina edir. Çünki güvənmir, probleminin yerli mətbuatda işıqlandırılması ilə həllinə nail olacağına inanmır. Xaricdən maliyyələşən media qurumlarının obyektivliyinə daha çox güvənir.
Belə olan halda da yerli mətbuatın onsuz da çox olmayan nüfuzu getdikcə azalır.
Bunun məsuliyyəti isə o mətbuat qurumlarının yox, ölkəni idarə edənlərin üzərinə düşür.
Yerli mətbuat sərbəst olana, fəaliyyəti məhdudlaşdırılmayana qədər Azərbaycanda “at oynadan” Marqarita və onun kimilərini çox görəcəyik.
Gülşən Hacıyeva
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini