Koronavirus bəlası 1 il 8 aydır, planetimizin hər yerində gündəmin bir nömrəli mövzusudur. İlk aylarda bütün dünya qorxu içində qapanmalara, ciddi karantin rejimlərinin tətbiqinə başladı, ölkələrə giriş-çıxış bağlandı. Amma bu durum uzun müddət davam edə bilməzdi. Çünki artıq elə bir dönəmə gəlmişik ki, sərhədlərin bağlanması birbaşa ölkələrin iqtisadiyyatına zərər verir. Hətta ekonomik cəhətdən zəif olan ölkələri yumşaq desək, batırır. Ölkələrin daxilindəki qapanmalar da ciddi iqtisadi problemlərə gətirib çıxarır.
O səbəbdən 1 il 8 ay ərzində dəfələrlə yumşalmalara gedildi, sərhədlər açıldı. Amma bu yumşalmalar davamlı olmadı. Bu müddətdə pandemiyanın 1, 2, 3-cü dalğası, virusun Britaniya, Hindistan, Delta ştamları… daha nələr ortaya çıxdı. Pandemiya ilə bağlı vəziyyət hər dəfə gərginləşəndə ölkələr karantin tədbirlərini sərtləşdirdi, o cümlədən Azərbaycanda.
Karantin rejiminin yumşaldılması ilə əlaqədar sonuncu qərar mayın sonunda verildi və mərhələli şəkildə yumşalmalara gedildi. Heç kimə sirr deyildi ki, bu yumşalmalar “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyunun Bakıda keçirilməsi ilə əlaqədar idi. Oyunlar bitən kimi yoluxma sayının kəskin şəkildə artırılacağı proqnozlaşdırılırdı. Elə də oldu və “fəlakət dəllalları” dərhal işə qoşuldu.
Neçə gündür, qapanmalara ehtiyac olması, karantin rejiminin sərtləşdirilməsinin vacibliyinə dair açıqlamalara rast gəlirik. Bu məsələdə deputatlar daha çox canfəşanlıq edirlər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyevin açıq havada maska məcburiyyətinin gətirilməsinin lazım olduğu ilə bağlı açıqlaması da bu qəbildəndir.
Deputatımız deyir ki, 40-45 dərəcəlik avqust istisində, göydən yerə od töküldüyü bir ayda açıq havada maska taxılsa, yoluxma azalacaq. Bu adam gerçəkdən həkimdir?
Əvvəla digər şərtlərə əməl edilmədikcə, maskanın qoruyucu olmadığını bütün dünya bilir, elm adamları gündə yüz dəfə bunu dilə gətirirlər. 20 nəfərlik avtobuslara 100 nəfəri üst-üstə yığmağa, metro qatarlarında səhər və axşam saatlarında sərnişinləri bir-birinin qucağında gedib-gəlməyə məhkum edəndən sonra istəsən, 10 maska tax, xeyri olmayacaq.
Digər tərəfdən, hətta sağlam insanların açıq havada maskasız nəfəs almaqda çətinlik çəkdiyi bu temperaturda, Bakı iqlimində maska məcburiyyətini təklif etmək, gündəmə gətirmək hansı düşüncənin məhsuludur?
Bu deputatlar parlamentin xalqı təmsil etmədiyini, təcili buraxılmalı olduğunu deyənləri “xalq düşməni” çıxarırlar. Amma hər addımları, hərəkətləri ilə xalqı təmsil etmədiklərini ortaya qoyurlar.
Gülşən Hacıyeva
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini