Çox dəyərli soydaşlarımız!
Əziz yurddaşlarımız!
Keçdiyimiz il bir çox sahədə olduğu kimi, ictimai-siyasi sahədə də yaddaqalan yeniliklərlə müşahidə olunmuşdur. Azərbaycan xalqının siyasi sahədə əsas, demək olar ki, yeganə həyati məsələsi Qarabağ və işğal olunmuş torpaqların məsələsi idi. 30 ilə yaxın bir dövrdən keçən Azərbaycan ordusu nəhayət xalq ilə dövlətin vəhdətinə söykənərək əksəriyyət üçün imkansız görünən bu qanlı münaqişəni böyük ölçüdə qələbə ilə bitirdi. Ona görə “böyük ölçüdə” deyirik ki, tam və şərtsiz qələbədən danışmaq hələ tezdir. Qarabağın düşməndən tam azad olunması birbaşa Qafqazın düşmən qüvvələrdən azad olunması ilə əlaqədardır. Qafqazın rus imperiyası tərəfindən işğalı dünən başlamayıb və sabah da bitəsi deyil. Ancaq bizim əzmkar fəaliyyətimiz o anı günbəgün yaxınlaşdırır. Bu mənada Azərbaycan əsgərinin 44 gün ərzində əldə etdiyi zəfər əsla şübhə altına alına bilməz.
Eşq olsun o əsgərə ki, 30 illik düşmən səngərini 30 gün ərzində əzdi keçdi. Bu qəhrəmanlıq səlnaməsinin müəllifi onlardır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Nur içində yatsınlar.
Onların ailələri və yaralı hərbçilərimiz isə bundan sonra hər birimizin öhdəlyində olmalıdır. Cəmiyyət olaraq, onların qayğısına maksimum dərəcədə diqqət ayrılmalıdır. Ordumuz artıq hamımızın and yeridir. Tanrı ordumuzu qorusun!
Dəyərli xanımlar və bəylər,
Azərbaycanın 2020-ci ildə böyük ölçüdə öhdəsindən gəldiyi ikinci əhəmiyyətli məsələ bütün dünyada bəzən haqlı, bəzən də əsassız şəkildə narahatlığa və qadağalara səbəb olan COVID-19 pandemiyası ilə əlaqədar mübarizə məsələsidir. İnsanlarımızın əksəriyyəti tətbiq edilən sərt karantin rejiminin tələblərinə tamamən əməl etmişdir. Ancaq yoluxmaların sayının zaman-zaman artması karantin tədbirlərinin doğruluğunu və düzgün seçilməsini şübhə altına aldı. Müşahidələr göstərir ki, seçilmiş tədbirlərin bəzilərinin nə dünyada analoqu var, nə də pandemiyanın qarşısını almaqda effektiv təsiri var. Bu metodikadan hələ də əl çəkmək fikrində olmayan hökumət xalqın bütün zümrələrinin səsinə qulağını qapadıb və heç nə eşitmək istəmir.
Xalq isə ağır iqtisadi vəziyyətdədir. Karantin tədbirləri lüzumsuz şəkildə bir çox deyil, əksər kiçik və orta biznes sahiblərinin iflasına səbəb oldu. Onların çalımasına gələn qadağaların qarşılığında adekvat ölçüdə dövlət dəstəyi verilmədi. Sığorta sisteminin oturuşmadığı məmləkətimizdə deyə bilərik ki, bizim iqtidar öz əli ilə bizim iqtisadiyyatımızı məzara sürüklədi. “Bütün dünyada iqtisadi tənəzzüldür” deyənlərin arqumentlərini qəbul eləmirik. Bütün dünyada tək bir düstur yoxdur. Hər ölkə minimum itki ilə çıxmağa çalışdığı bir vaxtda, Azərbaycanda maksimum itkiyə yol verildi və hələ də verilməkdədir. Bir daha altını çizək ki, iqtisadi böhranımızın səbəbi pandemiyanın özü deyil, onunla mübarizə adı altında tətbiq olunan sərt karantin tədbirləridir. Belə olacağı bəlli idi. Çünki ölkəmizdə çox vacib məsələlər ətrafında iqtidarlı-müxalifətli-ictimai sektorlu bir dialoq platforması yoxdur.
Bəli, biz son aylar ərzində iqtidarın müxalifət pariyaları ilə dialoq aparmaq yolundaki attığı addımları alqışlayırıq və hesab edirik ki, bu ümumi işimizə ancaq faydalı ola bilər. Sözümüzün təsdiqini hər kəs 44 günlük müharibə dövründə görə bildi. Ancaq onu da deməliyik ki, iki məsələdə bizim mövqeyimiz bir çox partiyanın mövqeyindən kəskin şəkildə fərqlənir.
Birincisi budur ki, iqtidar-müxalifət görüşləri və müzakirələri sadəcə iqtidar nümayəndələri istəyəndə olmamalıdır, həm də müxalifətdən tələb və çağırış səsləndiriləndə olmalıdır. Yəni bəlkə də daimi fəaliyyət göstərən bir mərkəz ya da şura təsis edilməli və ayda ən az iki dəfə iclaslar keçirilməlidir. İkinci məsələ isə budur ki, bu dialoqlar ancaq partiyaların sosial-məişət problemləri üzərinə deyil, tam tərsinə, daha çox ictimai-siyasi məsələlər haqqında olmalıdır. Ancaq bu şəkildə ölkədə görülən işlərin nə qədər doğru olub-olmaması haqqında müfəssəl təsəvvür yaratmaq olar. Onu da qeyd etmək lazımdır ki, biz sadəcə iqtidarı deyil, müxalifət partiyalarını da daha konstruktiv olmağa dəvət edirik. Dialoq imkanlarını özlərinin ofis-məişət problemlrini həll etmək üçün istifadə etmək ənənəsindən əl çəkib, iqtidar nümayəndələrinə hazır layihələr versələr, xalqımıza daha faydalı olarlar.
Biz layihələr deyəndə ilk növbədə siyasi mübarizəni daha sivil hala gətirəcək qanunvericilikdə dəyişikliklərdən bəhs edirik. Azərbaycanda parlament seçkiləri əsasən, proporsional üsul ilə keçirilməlidir. Partiyaların və siyasi birliklərin fəaliyyətini ancaq bu şəkildə dirçəltmək olar. Cəmiyyət anlamalıdır ki, tək başına və bitərəf formada siyasi fəaliyyət olmur, olarsa da, effektiv olmur. Siyasət meydanı konsolidasiya və koalisiya tələb edir. Bu, həm yerli özünüidarəçilik, həm parlamentdə qüvvələr mütənasibliyi, həm də prezidentlik yarışında seçicilərin doğru seçim etməsini təmin edən məsələdir. Dövlətimizin forması respublikadır. Bunu da bu məsələyə əlavə edəndə aydın olur ki, proporsional seçki üsulunun qəbul edilməsi və ona uyğun olaraq siyasi birliklər sahəsində zəruri olan dəyişiklliklərin aparılması milli təhlükəsizlik məsələsidir.
Əlbəttə ki, milli təhlükəsizllik məsələsi bir tək siyasi islahatlarla bitmir. Onun əsas iki sütünu var. Biri ordu, digəri polis. Qarabağda böyük zəfərlə sonuclanan müharibədə ordumuz dünya hərb elmində və sənətində yeni bir səhifə açdı. Lakin istər erməni məsələsinin tam həll olunmaması, istərsə də Azərbaycanın parçalanmış xalq statusunda olması ordumuzun hər il daha təkmil şəkildə silahlanmasını, təhsil-tədris tədbirlərinin gücləndirilməsini, daha peşəkar formaya keçirilməsini tələb edir. Bununla yanaşı, müharibəyə hazırlıq proqramları çərçivəsində arzu edən vətəndaşları hərbi düşərgələrə toplamaq və təlim keçmək məqsədə uyğun olardı. Bununla yanaşı, Azərbaycanın bütün əsas şəhərləri və obyektləri yeni müasir Hava hücumundan müdafiə sistemləri ilə qorunmalıdır. Bu məsələ də milli təhlükəsiszllik sahəsində ən vacib sıradadır.
Daxili təhlükəsizlik sistemimizdə polisin rolu ən əsas yerdədir. Lakin polis sadəcə şəxsi heyətin insanlar ilə doğru rəftarı və qanunun aliliyini təmin etməklə işini bitmiş hesab etmək deyil. Yol polisindən tutmuş azyaşlılarla iş üzrə olan bütün sektorlarda polis insanları təqib və təhkim edən qurum imicindən çıxmalı, daha çox insanlara yardım edən və dəstək verən imici qazanmalıdır. Biz onun da fərqindəyik ki, azad məhkəmələr və vəkillər olmadığı müddətcə bu arzu elə arzu olaraq qalacaq. Ancaq dayanmaq olmaz. Müasir cəmiyyətin daxilində vətəndaş-vətəndaş və vətəndaş-dövlət münasibətlərini ancaq qanunlarla tənzimləmək mümkündür. Başqa heç bir ənənə vəya qayda keçərli olmayacaq.
Bu il pandemiya ilə əlaqədar onlayn təhsli məsələsinə ölkəmizin nə qədər hazırlıqsız olduğunun hamımız şahidi olduq. Bir tərəfdən təhsli sistemimizin daxilindəki korrupsiya, qeyri-peşakarlıq, məktəb direktorlarının seçimində olan yanlışlıqlar, digər tərəfdən rabitə və yüksək informasiya texnologiyaları səhasində olan astagələnlik, vizionsuzluq, geridəqalmışlıq, o biri tərəfdən də lüzumsuz total karantin tətbirləri onsuz da bərbad olan orta və ali təhsil sistemimizi daha da sarsıtdı və dağıtdı. İş biraz da belə getsə, biz savadsız nəsillər ilə üzləşəcəyik və itirilmiş illəri sonra geri gətirmək olmayacaq.
Dünya bu il beynəlxalq sistemin də dəyişməsi gərəktiyni bir daha anladı. Avropada brexit, keçmiş sovet ərazilərində Belarus və Qırğızıstan hadisələri, ABŞ-Çin qarşılıqlı sanksiyaları, nəhayət, ATƏT-in Minsk Qrupunun Qarabağın taleyində oyundan kənar vəziyyətə düşməsi – bütün bunlar dünya düzəninin köklü transformasiyasının ilk siqnallarıdır. Azərbaycanın yeri yeni düzəndə harada, daha doğrusu kiminlə birlikdə olacaq, buna da heç bir siyasi qüvvə tək başına qərar verməməlidir. Azərbaycanın beynəlxalq aləmdə qüvənilir müttəfiqlərə ehtiyacı var. Onları hansı ölkələrin arasından seçəcəyimizə dair ciddi analiz aparılmalı və buna uyğun beynəlxalq siyasətimizin kursu müəyyənləşdirilməlidir. Ola bilsin ki, bu günə qədər doğru olan balans siyasəti idisə, bundan sonra hərbi-siyasi bloklaşmaya getmək zərurəti yaransın. Həm də şərt deyil ki mövcud olan hərbi bloka daxil olaq. Azərbaycan yeni hərbi blokun yaradılmasının təşəbbüskarı da ola bilər.
Biz yeni hərbi blok deyəndə Qarabağ savaşı sırasında bizim yanımızda olub bizə dəstək verən ölkələri nəzərdə tuturuq. Adətən hər bir blokun aparıcı ən az iki ölkəsi olur. Biz inanırıq ki, yeni blokun aparıcı ölkələrindən biri şübhəsiz Türkiyə Respublikası olmalıdır. Türkiyə ilə Azərbaycanın strateji və hərtərəfli əməkdaşlığı imkan verdi ki, biz Qarabağda müharibə apardığımız bir müddətdə kənar qüvvələr müdaxilə etməsinlər. Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi Qafqaz regionunda bütün ədalətsiz balansı və oyunları pozdu və yeni, ədalətli, bölgənin əsas xalqı olan azərbaycanlıların və digər sülhsevər xalqların lehinə güc balansını köklü şəkildə dəyişdi. Türkiyiə ilə Azərbaycan sadəcə Qafqaz regionunda deyil, Mərkəzi Asiyiada, Xəzərətrafı, Qara Dəniz, Yaxın və Orta Şərqdə, Aralıq dənizi hövzəsində də öz bəhrəsini verəcək. Türk Şurası kimi təşkilatların da potensialını istifadə etməklə Türkiyə-Azərbaycan siyiasi dueti hələ çox reallıqları Türk millətinin lehinə dəyişəcək, bir çox tarixi ədalətsizliklərə son verəcək.
Dövlətimizin xarici siyasətinin əsas xətti dünyanın harasında olmasından asılı olmayaraq azərbaycanlıların haqqını və hüququnu qorumaq olmalıdır. Bu mənada, İranda, İraqda, Suriyada, Gürcüstanda və Rusiyada yaşayan azərbaycanlıların məsələsi o ölkələrdəki səfirliklərimizin müntəzəm iş planının tərkib hissəsi olmalıdır. Biz unutmamalıyıq ki, Azərbaycan dilinin istifadə olunan tarixi və təbii ərazisi Azərbaycan Respublikasının ərazisindən qat-qat böyükdür. Dərbənd, Borçalı, Hələb, Kərkük, Təbriz – bunlar sadəcə şəhər adı deyil, Azərbaycan Türklərinin tarixən yaşadıqları və yerli əhalisi olduqları mədəniyyət, incəsənət, elm, ticarət, siyasət mərkəzləridir. Bütöv Azərbaycan siyasi xəttinin alternativi yoxdur. Bütün digər konsepsiyalar bu mega-konsepsiyanın tərkib hissəsindən başqa bir şey deyil.
Əziz Azərbaycanlılar.
Qarşıdan 2021-ci il gəlir. Hər il olduğu kimi insanlarımız yeni ümidlərlə, yeni arzularla yeni ili qarşılayacaqlar. Biz hər bir insanımızın arzu və istəklərini bir siyasi sifariş kimi anlayırıq. Biz deyəndə, Azərbaycan Yüksəliş Partiyasını nəzərdə tuturuq. Partiyamız yola saldığımız ildə quruldu və qeydiyyat üçün müraciət etdi. Fəqət, çalışmalarının ilk ili olaraq qarşıdan gələn ildə fəaliyyət göstərəcək. Heç bir partiya vətəndaşların dəstəyi və iştirakı olmadan güclənə, qarşısında qoyduğu planları həyata keçirə bilməz. Biz ancaq əl-ələ verərək hər birimizin həyatına təsir edən yanlışlıqları doğrulara çevirə, hərb sahəsində əldə etdiyimiz yüksək milli ruh və şüuru mülki həyatımıza transfer edə bilərik. Ona görə də hər şeydən öncə özümüzə, sonra bir-birimizə və nəhayət dövlətimizə, ordumuza güvənməli, inanmalıyıq. Düstur budur və onu tətbiq etmək bizim hər birimizin öz əlindədir. Bu da deməkdir ki, biz milli həmrəyliyimizi qorumalı və gücləndirməliyik.
Bu işdə sizin hər birinizə uğurlar diləyir, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə hamınızı təbrik edir, yeni 2021-ci ildə xalqımıza bolluq, firavanlıq və yeni zəfərlər arzulayıram.
Yaşasın, Azərbaycan xalqı!
Yaşasın, Bütöv və Yüksələn Azərbaycan!