25 dekabr 20-ci əsr Azərbaycan ədəbiyyatının əsas sütunlarından biri olan Xalq yazıçısı, görkəmli ictimai xadim Yusif Səmədoğlunun doğum günüdür.
1935-ci il-ci ildə Səməd Vurğunun ailəsində dünyaya göz açan Y. Səmədoğlu, Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Uzun illər ölkədəki ən sanballı ədəbi jurnallara rəhbərlik edib. Müxtəlif vaxtlarda "Azərbaycan" və "Ulduz" jurnallarının baş redaktoru olub. Bir müddət C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib.
Azərbaycan Yazıçılar Birliyi katibi vəzifəsində çalışıb. Gənclik illərində yazdığı hekayələrlə bədii yaradıcılığa başlayan Y.Səmədoğlunun ilk kitabı 1960-cı ildə "220 saylı otaq" adı ilə çap olunub. Onun ən məşhur əsəri " Qətl günü" romanıdır. Azərbaycan ədəbiyyatı tarixində parlaq ədəbi hadisə hesab olunan roman müxtəlif dillərə tərcümə olunub. Son əsəri olan "Deyilənlər gəldi başa" romanını sona çatdıra bilməyib.
Yusif Səmədoğlu Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən biri kimi ciddi ictimai fəaliyyəti ilə də böyük şöhrət qazanıb. 1990-cı ildə Ali Sovetə deputat seçilən Y. Səmədoğlu, istiqlalçı millət vəkili olub.
1998-ci il avqustun 17-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən yazıçı Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası böyük şəxsiyyət və yazıçı Yusif Səmədoğlunun parlaq xatirəsini böyük sayğıyla yad edir.