Bu gün Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlamasından 1 il ötür.
Ötən il sentyabrın 27-də Müzəffər Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmək üçün irimiqyaslı hərbi əməliyyata başaldı. 44 gün davam edən Vətən Müharibəsi torpaqlarımızın böyük əksəriyyətinin, o cümlədən Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın frayonlarının, Şuşa şəhərinin işğaldan azad edilməsi ilə nəticələndi.
Bu Savaş zamanı qəhrəman əsgərlərimiz dastan yazdılar, düşməni ağır məğlubiyyətə uğratdılar. Azərbaycan Ordusunun təzyiqləri qarşısında duruş gətirə bilməyən düşmən Tərtər, Gəncə, Bərdə və digər bölgələrdə ağır terror aktları həyata keçirərək, onlarla mülki şəxsin ölümünə, yaralanmasına, yaşayış yerlərinin, obyektlərin dağıdılmasına səbəb oldu.
Bütün müharibələrdə olduğu kimi, Vətən Müharibəsi də bizim üçün itkisiz ötüşmədi. Bu savaşda Azərbaycan Ordusuniun 3 mindən çox qəhrəman hərbçisi şəhid oldu, minlərlə qəhrəman hərbçimiz yaralandı.
Ölkə başçısının ötən il dekabrın 2-də imzaladığı sərəncamla hər ilk 27 sentyabrın Anım Günü kimi qeyd olunmasına qərar verilib.
Azərbaycan Yüksəliş Partiyası bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, yaralılarımıza Allahdan şəfa diləyir, Qəhrəman Ordumuza hər zaman Zəfər arzulayır, Azərbaycanın ən yaxın zamanda tam Qələbə qazanacağına əminliyini bildirir və hesab edir ki, torpaqlarımızın tamamilə işğaldan azad edilib, Sülh Müqaviləsinin imzalanması təkcə ölkəmizin yox, bütün bölgənin təhlükəsizliyin, inkişafının təminatı üçün ən vacib şərtdir.